Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qarabağda müharibə riski: “Situasiya Azərbaycanı digər vasitələrdən istifadəyə məcbur edir” – ŞƏRH
“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə aparılan danışıqların dondurulmuş vəziyyətə gətirilməsi müharibə riskini ön plana çıxarır”.
Bunu Oxu.Az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqov Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan vəziyyəti şərh edərkən deyib.
O bildirib ki, Ermənistanın baş naziri hər vəchlə danışıqlar prosesini pozmağa, təxribatlar törədilməsinə çalışır.
Politoloq Nikol Paşinyanın hakimiyyətə gəldikdən sonra Qarabağ konflikti ilə bağlı bir-birinə zidd açıqlamalarını xatırladıb.
“Nikol Paşinyan əvvəl dedi ki, ona prosesi öyrənmək üçün zaman verilsin. Sonra Qarabağ ermənilərinin adından danışa bilmədiyini söylədi. Buna görə də bəyan etdi ki, Qarabağdakı separatçı rejim danışıqlarda tərəf olmalıdır. Sonra Xankəndinə qanunsuz səfər etdi və orada “Qarabağ Ermənistandır” ifadəsini işlətdi. Ötən il bəyan etdi ki, Ermənistan Madrid prinsiplərini başa düşmür. Daha sonra isə qeyd etdi ki, onlar Madrid prinsiplərini kənara qoyur və danışıqlara sıfırdan başlayırlar”, - deyə F.Çıraqov əlavə edib.
Ekspertin fikrincə, Ermənistan konstruktivlik göstərmək və fundamental nəticələr əldə etmək niyyətində deyil.
F.Çıraqovun sözlərinə görə, Nikol Paşinyan sanki nəyəsə güvənir və buna görə də son zamanlar daha da “cəsarətlənib”.
O söyləyib ki, bütün olanlar fonunda Qarabağ danışıqlarında nələrin müzakirə edilməsi sual altındadır:
“Yeni danışıqlar prosesi özünün potensialını tükədir. Artıq elə bir vəziyyət yaranıb ki, danışıqlar xətrinə müzakirələr aparmaq da mümkün deyil. Ona görə də situasiya Azərbaycanı digər vasitələrdən istifadəyə məcbur edir”.
Xatırladaq ki, bu ilin iyul ayının 12-dən etibarən Ermənistan silahlı bölmələri dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribatlar törədib. Ermənistan Azərbaycan Ordusunun mövqelərinə basqına cəhd edib, amma adekvat cavab tədbirləri ilə geri oturdulub.
Tovuz döyüşlərində Azərbaycanın 12 hərbçisi şəhid olub, Ermənistan tərəfinin isə yüzlərlə canlı qüvvəsi, döyüş texnikaları, atəş məntəqələri məhv edilib.
Tovuz döyüşlərinin ardınca Ermənistan Qarabağ cəbhəsində fəallığını artırıb.
Ermənistan Müdafiə Nazirliyi “könüllü xalq dəstələri” yaradılması barədə məlumat verib. Ardınca Baş nazir Nikol Paşinyanın arvadı Anna Akopyan Azərbaycanın işğal altındakı ərazilərində qadınlardan ibarət könüllülərin təlimlərinə qatılıb.
Sentyabrın 14-də isə axşam saatlarında Ermənistan tərəfi Tovuz rayonu Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib.
Atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb.
Aqşin Kərimov
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Laçının işğaldan azad edilməsindən dörd il ötür
- Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb, açarlar sakinlərə təqdim edilib
- Ermənistanı uçuruma aparan daha bir ölkə: Yunanlar Nikolu necə şirnikləndirdi?
- Tovuzdakı dəhşətli qəzada ölən hərbçilərə şəhid statusu veriləcək?
- "Rusiya Paşinyana yeni xəbərdarlıq edəcək" - Ermənistan öz gələcəyini sual altında qoyur