“Ermənistanın özünə məxsus olan dörd ədəd müasir “SU-30” təyyarəsini Rusiyaya verməsi onun faktiki olaraq Ukraynadakı müharibəyə qoşulması deməkdir. Bu gün dünya Rusiya və Ukrayna arasında hərbi əməliyyatların dayandırılmasını təkid etsə də, Ermənistan faktiki şəkildə müharibənin davam etdirilməsinə səs vermiş olub”.
Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib.
Deputatın sözlərinə görə, Ermənistanın militarist mahiyyətinin quruculuğa, sülhə, mehriban qonşuluğa deyil, dağıntıya, şəhər və kəndlərin viran qoyulmasına yönəlik olduğu bir daha aşkar olub:
“Xaricdəki erməni diaspor dairələri isə ölkəsinin bu hərəkətlərini gizlətməyə, öz ictimaiyyətinin nümayəndələrini Ermənistanın müharibədə iştirakı barədə məlumatsız olmasına çalışırlar. Qərb ölkələri Rusiyaya hərbi yardım göstərən və onu sanksiyadan qoruyan ölkələrə qarşı ciddi təzyiq göstərsələr də, Ermənistanın bu hərəkəti qiymətsiz qalır”.
Deputat vurğulayıb ki, 30 il ərzində Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsinə göz yumulması kimi, İrəvanın bu hərəkətinə də siyasi və diplomatik qiymət verilməyəcəyi hiss olunur:
“Görünən ondan ibarətdir ki, Ermənistan dünyada sülhün yaranmasına deyil, müharibənin, dövlətlərarası qarşıdurmanın olmasına çalışan ölkələrdən biri kimi özünü ifşa edir”.
Qeyd edək ki, “Haber Global” televiziya kanalının əldə etdiyi kəşfiyyat məlumatlarına əsasən, dörd ədəd “SU-30” tipli döyüş təyyarəsi martın 25-də Ermənistandan qalxaraq Ukraynada istifadə olunmaq məqsədilə Rusiyaya istiqamət götürüb. Bundan əlavə, Rusiya istehsalı qırıcıları xüsusi təlim görmüş erməni pilotlar idarə edəcəklər. Beləliklə, Ermənistan bu addımla Ukraynada işğala şərik, müharibənin isə tərəfi olub və növbəti dəfə regional sülhün əvəzinə münaqişəyə xidmət edib.
Ermənistan “F-14” və “F-15” qırıcılarına rəqib olaraq istehsal edilən “SU-30” döyüş təyyarələrindən dörd ədəd alıb. Çoxməqsədli döyüş təyyarələrinin təhvili 2020-ci ilin may ayında baş tutub.
Ermənistan ordusu Rusiya qırıcılarını İkinci Qarabağ müharibəsində istifadə edə bilməyib. Buna səbəb onun raket sifarişini gecikdirməsi olub. Yəni Ermənistan ən vacib silah alışını belə tam gerçəkləşdirə bilməyib. Azərbaycan müharibədə zəfər çaldıqdan sonra istifadə olunmayan Rusiya təyyarələri rezonans doğurub. Ermənistanın baş naziri Nikol Paşinyan skandalı etiraf edərək günahı keçmiş rəhbərliyin boynuna atıb. Müzakirələrə yol açan bu təyyarələr indi yenidən Ermənistanın məkrli əməllərinə alət olub.
Təyyarələrin Rusiyaya verilməsi fonunda rəsmi İrəvana digər ölkələrdən gələcək reaksiya da maraq doğurur. Rusiya Ukraynanı işğal etdiyi üçün indiyədək görünməmiş iqtisadi sanksiyalara məruz qalıb. Qərb ölkələri tərəfindən təcrid edilib. Çinə Rusiya ordusuna hərbi sursat göndəriləcəyi təqdirdə “nəticələrinə qatlanacaqları” barədə xəbərdarlıq olunub. Hazırda Rusiyaya dəstək verən Ermənistana da sanksiya tətbiq edilib-edilməyəcəyi və ya xəbərdarlıq olunub-olunmayacağı diqqət mərkəzindədir.
Ukraynada həm canlı, həm də texniki qüvvədə ağır itki verən Rusiya eyni zamanda hərbi qüvvəsini gücləndirməyə tələsir. Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının bir hissəsi Ukraynaya göndərilib. Ortaya çıxan görüntülərdən Rusiya ordusuna aid yanacaq maşınları, zirehli texnika və hərbçilərin Laçın dəhlizi ilə Ermənistana doğru çəkildiyi məlum olur. Oradan isə hərbi karqo təyyarəsi ilə Rusiyaya yola düşüb. Ermənistan eyni zamanda suriyalı döyüşçülərin Ukraynaya göndərilməsində də güzərgahdır. Muzdlu döyüşçülər Ermənistandakı Erebuni aviabazasında yığılaraq oradan Şimali Osetiyadakı Mozdok şəhərinə yola düşürlər. Oradan da Rusiya əsgərləri ilə birlikdə Ukraynaya göndərilirlər. İlk olaraq “Haber Global”ın yaydığı bu gerçəklərin ortaya çıxmasından iki həftə sonra Rusiya Ukraynaya Orta Şərqdən hərbçi yollayacağını rəsmən bəyan edib. Daşınmalar davam edir.
Martın 25-də iki ədəd “İL-76” tipli hərbi karqo təyyarəsi də Suriyadan qalxaraq İran və Xəzərdəki neytral ərazi üzərindən Rusiyaya yola düşüb.