Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Nağı bəy Şeyxzamanlının gəlini Şuşada keçiriləcək Zəfər Qurultayına qatılacaq
“Dünya Azərbaycanlılarının V qurultayında iştirak etmək üçün həyəcan və sevinclə ABŞ-dan Şuşaya getməyə hazırlaşıram. Babalarımın bir vaxtlar xoşbəxt yaşadığı, atalarımın isə qərib ölkələrdə həsrətindən öldüyü Vətən torpağı, Şuşa bir neçə gün sonra mənə qucaq açacaq. O qədər xoşbəxtəm ki, hisslərimi sözlərlə ifadə edə bilmirəm”.
Bunu “Report”a müsahibəsində Azərbaycan Xalq Cümhuriyyətinin Milli təhlükəsizlik təşkilatının rəhbəri Nağı bəy Şeyxzamanlının gəlini, ABŞ-a köç edən ilk azərbaycanlı ailələrdən birinin övladı olan Solmaz Əlizadə deyib.
Onun sözlərinə görə, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən ona göndərilən Dünya Azərbaycanlılarının V qurultayında iştirak etmək üçün dəvəti sevinc və qürur hissi ilə qəbul edib. Ailəsinin Azərbaycandan İrana, oradan isə Türkiyəyə və ABŞ-a uzanan çətinliklərlə dolu həyat hekayəsindən bəhs edən S.Əlizadə illər sonra atalarının ruhunun bütöv Azərbaycana, Şuşaya qovuşacağının xoşbəxtliyini yaşadığını deyib.
“Atam və anamın ailəsi müsəlman Şərqində və Türk dünyasında yaranmış ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə quberniyasından idilər. Babam Cəfərqulu Əlizadə dövrün tanınmış həkimi idi. Atam Fətullah Əlizadə isə rütbə sahibi idi. Xalq Cümhuriyyəti devrildikdən sonra atam həbs ediləcəyini eşidir və soyadını Kalaçlı olaraq dəyişdirərək ailəsi ilə bərabər İrana qaçır. Mən iki yaşında olanda anam rəhmətə gedib. Bir müddət sonra atam məni və qardaşını da götürüb İrandan Türkiyəyə köç edir. Uzun illər İstanbulda mühacirət həyatı yaşamışıq. Bütün qonşularımız və qohumlarımız Azərbaycan həsrəti ilə yaşayırdılar. Çox həsrət çəkdilər və bəlkə də inanmayacaqsız, ancaq onların çoxlarının ürəkləri Vətən həsrətindən partladı. Onların bütün söhbətlərinin özəyini vətən, el-oba həsrəti tuturdu.
Mən 20 yaşında olanda Azərbaycan Xalq Cümhuriyyətinin Milli təhlükəsizlik təşkilatının rəhbəri Nağı bəy Şeyxzamanlının oğlu Yavuz bəylə ailə həyatı qurdum və bir övladımız dünyaya gəldi. Daha sonra ABŞ-a köçdük. Şeyxzamanlı ailəsi Amerikaya gələn digər mühacirlərlə birləşərək ilk dəfə bu ölkədə Amerika-Azərbaycan cəmiyyətini qurdular. Amerikaya ilk Azərbaycan bayrağını biz gətirmişik. Harada yaşamağımızdan asılı olmayaraq qapımızda üçrəngli, ay-ulduzlu bayrağımız dalğalandı və ürəyimizdə Azərbaycan dolu xatirələr daşıdıq”.
S.Əlizadə Azərbaycana səfəri zamanı Vətən torpağından ABŞ-a gətirəcəyini və atalarının məzarına səpəcəyini deyib. O, dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan diasporuna göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkür edib: “Üstündən uzun illər keçdi və bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz Azərbaycanın tarixi torpaqlarını düşmən işğalından azad etdi və Azərbaycanı bütövlüyünə qovuşdurdu. Fəxr edirik ki, Azərbaycanın belə güclü sərkərdəsi və ordusu var”.
Qeyd edək ki, Dünya Azərbaycanlılarının V qurultayında 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezidentin qətiyyəti - Rusiya üzrxahlıq etdi
- Putinin üzrxahlığı Rusiya ictimai rəyində: "Gözləmək çirkin görünərdi"
- Prezident İlham Əliyevə başsağlığı məktubları gəlməkdə davam edir
- Ukrayna prezidenti İlham Əliyevə təyyarə qəzası ilə bağlı başsağlığı verib
- Deputat: "Vladimir Putin İlham Əliyevdən üzr istədi, Azərbaycan məqsədinə nail oldu"
Rəylər