Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Hikmət Hacıyev Çinə niyə gedib? - TƏHLİL + FOTO
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinə səfər edib.
H.Hacıyev səfəri çərçivəsində Çinin ekologiya və ətraf mühit nazirinin müavini Çjao İnminlə, xarici işlər nazirinin müavini Sun Veydonqla görüşlər keçirilib.
Rəsmi məlumatlara nəzər yetirsək, görə bilirik ki, qlobal iqlim dəyişikliyinin geosiyasi mübarizəyə təsirləri müzakirə predmetinə çevrilib.
Görüşlərdə Bakıda keçiriləcək COP29-la əlaqədar qarşıda duran məsələlərin müzakirəsi belə deməyə əsas verir.
Çinin enerji təhlükəsizliyinə yanaşması, o cümlədən dünyada yaşıl enerjiyə keçiddə qlobal güclərin mübarizəsinə davamlı diqqəti Azərbaycanı da maraqlandırır.
Çünki Azərbaycanla Çinin əlaqələri yeni dünya nizamına uyğun formada qurulur. Burada Azərbaycan Çinin yüksələn və beynəlxalq təmsilçilik dairələrində artan təsirlərinə məxsusi diqqət ayırır.
Çin isə Azərbaycanı Trans-Xəzər nəqliyyat dəhlizinin (Orta Dəhliz) tranzit və logistika qolu kimi yüksək qiymətləndirərək Cənubi Qafqazdakı strateji sərmayələrini yüksəldir.
Başqa bir yandan, Rusiyanın Ukraynada apardığı hərbi kampaniya qlobal enerji təchizatını sıxsa da, Çin bundan ekspansiya məqsədləri üçün yararlanaraq geosiyasi çərçivə qurur.
“Pekinsayağı yanaşma” Çinin müasir enerji siyasətini iqlim dəyişikliyindən irəli gələn öhdəlikləri idarə etməsini asanlaşdırır.
Yəni Çin iqlim dəyişikliyi ilə böyük güc rəqabəti arasında özünəməxsus tənzimləyici status qazanmaq istəyir.
Rəsmi Bakı belə rəqabətə biganə qala bilməz, ən azından ona görə ki:
- Azərbaycan qlobal iqlim dəyişikliyi fonunda özünün alternativ enerji mənbələrini, yaşıl enerji potensialını genişləndirib ixrac əməliyyatlarına başlamaq istəyir,
- Azərbaycan COP29 kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi edəcək.
Qeyd edilənlərin parlaqlığında Hikmət Hacıyevin Çinə səfərinin alt qatları daha məzmunlu şəkildə açıla bilər.
Azərbaycan bir məqamı da yaddan çıxarmır. İqlim maliyyəsi ilə bağlı deklarativ öhdəliklərə baxmayaraq, nə Çin, nə də onun rəqibi ABŞ konkret liderlik nümayiş etdiriblər.
Hər iki rəqabət tərəfi Azərbaycanda keçiriləcək COP29 fonunda lider iqlim donorları olmaqda həvəsli görünə bilər.
Yekun olaraq, Hikmət Hacıyevin Çinə apardığı müzakirə qovluğu:
- Qlobal arenada geosiyasi gərginliyin Azərbaycanda keçiriləcək COP29 fonunda tənzimlənməsi düsturlarını özündə ehtiva edir,
- Azərbaycanın yaşıl enerji trayektoriyasına Çin investisiyalarını təşviq edir,
- Rəsmi Bakının qlobal gözləntilərini özünün regional siyasəti ilə uyğunlaşdırmaq proseslərini qeyd edir.
Aqşin Kərimov