Oxu.Az son zamanlar çəkdirdiyi fotosessiyalar, etdiyi gimnastik hərəkətlər, işlətdiyi ifadələrlə tez-tez xəbər qəhrəmanına çevrilən müğənni Könül Şıxəliyevanın müsahibəsini təqdim edir:
- Oxucular sizin haqqınızda kifayət qədər məlumatlı deyillər. Öz haqqınızda danışın...
- Bakı şəhərində doğulmuşam. 3 il Şotlandiyada yaşamışam. İxtisasca ibtidai sinif müəllimiyəm. Amma heç zaman öz ixtisasım üzrə çalışmamışam.
- Ailə həyatı qurmusunuz?
- Ailə həyatım uğursuz alındı. Bir dəfə ailəli olub, ayrılmışam. 12 yaşında qızım var.
- Səbəb nə idi, niyə ayrıldınız?

- Xasiyyətimiz uyğun gəlmədi, ona görə də ayrıldıq.
- Şpaqat açıb fotosessiya etdirməklə gündəmə daha tez gəlmək istəyirdiniz?
- Xeyr, sadəcə belə alındı. Sözün düzü, həmin şəkilləri seçmək imkanımız olmadı. Ona görə də o şəkildə mətbuata yayıldı. Belə də ki, mən orada pis heç nə görmürəm. Adi gimnastik hərəkətdir. Açıq-saçıq geyimdə deyildim ki. Nə olsun, aparıcı Mətanət Əliverdiyeva da şpaqat açır. Burada pis nə var ki? Evdə vaxtı yoxdur, efirdə idman edir (gülür).
- Həmin şəkillərdən sonra sizinlə münasibət qurmaq istəyən kişilər çox oldu?
- Bəli, çox oldu. Amma hamısını cavabsız qoydum.
- Ayaqlarını və bikini ilə fotolarını sosial şəbəkədə paylaşan məşhurlara münasibətiniz necədir?
- Normal baxıram.
- Sponsor axtarırdınız, tapdınız?
- Xeyr, hələ tapa bilməmişəm. İsveçli rejissorla klip çəkdirmək istəyirəm. Sponsor tapan kimi çəkdirəcəm.
- Könül Şıxəliyeva şou-biznesdə nə etmək istəyir?
- Könül Şıxəliyeva səhnəyə canlanma, dinamika gətirmək istəyir. İndi müğənnilərimizin səhnə performansı çox zəifdir. Hamı eyni səpkidə çıxış edir. Mən isə ifamla yanaşı, həm də rəqslərimlə əsl səhnə performansı nümayiş etdirəcəyəm.
- Erotik klip çəkdirərsiniz?

- Qucaqlaşma səhnəsinə çəkilərəm. Amma intim səhnədə oynamaram.
- Yerli məşhurlardan kiminlə duet oxumaq istərdiniz?
- Eldar Qasımovla. Onu çox bəyənirəm. İstərdim ki, Eldarla ifa edəcəyim duet ingilis dilində olsun. Çünki ingilis dilini də bilirəm.
- Açıqlamalarınızda gözəl olduğunuzu vurğulayırsınız. Ölkəmizdə bir neçə adda gözəllik müsabiqələri keçirilir. Bəlkə bəxtinizi sınayasınız…
- Vaxtında ağlıma gəlsəydi edərdim. Artıq gecdir. Həm də boyum 160 sm-dir.
- Amma bu boyunuzla fotomodel ola bilərsiniz…
- Niyə də olmasın. Maraqlı təklif olsa, dəyərləndirərəm.
- Kompleksləriniz var?
- Mən qoç bürcü, xoruz ilindənəm. Utanmaq deyilən məfhum məndə yoxdur. Komplekssiz insanam.
- Toylara dəvət alırsınız?
- 1-2 ay olar toylarda oxuyuram. Gəlirim toydan gəlir.
- Sizcə, şou-biznesin ən zövqlü və ən zövqsüz nümayəndəsi kimdir?
- Ən zövqlü geyinən qadın müğənni Röya Ayxandır. Kişilərdən isə Zamiq və Kərimdir. Zövqsüz müğənnilərimiz isə o qədərdir ki, sayıb qurtarmaq olmaz. Adlarını çəkmək istəmirəm. Sonra deyəcəklər ki, Könül qalmaqal yaradır.
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az