Tanınmış aktrisa Pərvin Abıyeva sosial şəbəkə vasitəsilə onu tənqid və təhqir edənlərə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, aktrisa onu həmkarları ilə müqayisə edənləri kəskin şəkildə qınayıb:
“Bəzən bu ölkədə yaşayan bəzi səviyyəsizlərin ucbatından öz ölkəmdə doğulub, yaşadığıma nifrət edirəm. Vaxtı ikən böyük sənətkarımızın sağlığında bu səviyyəsiz şəkli düzəldib yaydınız, səsimi çıxarmadım. Amma indi insafınız, şərəfiniz, ləyaqətiniz olsun. Ayıbdır, özünüzə, mənə hörmət etmirsiniz, heç olmasa, Nuriyyə xanımın ölüsünə hörmət edin.

Kimə nə mənim “Porsche”m var və necə almışam?! Mən sizdən soruşuram, nə işlə məşğulsunuz? Necə pul qazanırsınız? Nə sürürsünüz? Bu xanım mənim çox hörmət etdiyim, filmlərindən bəhrələndiyim bir aktrisadır və hər zaman da bəhrələnəcəm.

Bəlkə mən də o yaşıma çatanda, evsiz qalacağam, küçədə yaşayacağam. Onda da yeni sənətə gələn hansısa gənc, imkanlı xanımla məni müqayisə edəcəksiniz? Mən belə insanlardan iyrənirəm. Bu şəkili gündəmə gətirməklə, reytinq qazanıb, özünüz kimi səviyyəsizlərin diqqətini cəlb edib, gic-gic şərh yazanların fikri ilə məni hörmətdən sala bilməyəcəksiniz. Məni yetərincə sevənlər var və hər kəs məni sevmək məcburiyyətində deyil.

Bu şəkilin altında elə səviyyəsiz şərhlər yazıblar ki, elə bil mən fahişəlik edib bu maşını alanda, hamısı mənimlə birlikdə olublar. Necə də əminliklə danışırlar... Bəsdirin, “Instagram”da, “Facebook”da süləndiniz. İş tapıb, işləyin. Siz də nəinki “Porsche”yə, bundan da artığına sahib olun. İnsan gərək həyatda hər zaman məqsədlə yaşasın, kiməsə paxıllıq edərək, arxasınca danışaraq yox! Hər necə almışam, yaxşı etmişəm.

Yaxşı ki, sağlığında Nuriyyə xanım bu şəkili və müqayisəni görməyib. Kimisə qınamadan öncə, hər kəs öz həyatına nəzər salsın. Allahım, şükür olsun ki, mənə nə kin, nə nifrət, nə paxıllıq, nə qeybət hissini nəsib etmədin”.
Aytən Sadıqzadə
www.oxu.az