İranın uranı zənginləşdirmək və nüvə proqramını davam etdirmək planından daşınmaması fonunda Yaxın Şərqdə geosiyasi gərginlik yeni mərhələyə qədəm qoyub. ABŞ ilə İran arasında qarşıdurmanın artdığı bir vaxtda Vaşinqtonun Səudiyyə Ərəbistanı ilə nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində əməkdaşlığa dair saziş imzalaması beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Sənəd iki ölkə arasında təcrübə, bilik və texnologiya mübadiləsinin genişləndirilməsini, nüvə təhlükəsizliyi və mühafizəsini, nüvə silahlarının yayılmaması istiqamətində beynəlxalq standartlara uyğun əməkdaşlığın inkişafını, həmçinin enerji və qabaqcıl texnologiyalar sahəsində birgə fəaliyyətin gücləndirilməsini nəzərdə tutur.
Lakin sazişin detalları bununla da yekunlaşmır. ABŞ Prezidenti Donald Tramp sənədin icrası üçün yeni siyasi şərt irəli sürərək bildirib ki, Səudiyyə Ərəbistanı İsraillə münasibətlərini normallaşdırmadığı və "İbrahim razılaşmaları"na qoşulmadığı təqdirdə, Vaşinqton öz öhdəliklərini yerinə yetirməyəcək. İsrail isə Ər-Riyadın sazişə qoşulmasına müsbət yanaşdığını gizlətmir.
Bu yanaşma isə mühüm sual doğurur: Vaşinqton Səudiyyə Ərəbistanının nüvə enerjisi proqramına dəstək verdiyi halda niyə İranın analoji fəaliyyətinə kəskin etiraz edir? Ekspertlərin fikrincə, bu fərqli münasibət regiondakı qüvvələr balansına, təhlükəsizlik arxitekturasına və ABŞ-nin strateji maraqlarına birbaşa bağlıdır. Digər tərəfdən Tehran bunu ikili standart kimi qiymətləndirərək öz mövqeyini daha da sərtləşdirə bilər ki, bu da Yaxın Şərqdə gərginliyin daha da artması ehtimalını gündəmə gətirir.
Bəs ABŞ-nin bu siyasətinin arxasında hansı geosiyasi hesablamalar dayanır? Vaşinqtonun Səudiyyə Ərəbistanı ilə nüvə əməkdaşlığı regionda qüvvələr balansını dəyişə bilərmi? Bu addım İranla qarşıdurmanı daha da dərinləşdirə bilərmi?
Mövzu ilə bağlı Oxu.Az-a danışan keçmiş diplomat Metyu Brayza bildirib ki, Co Bayden administrasiyasından bəri ABŞ uzun illərdir ki, Səudiyyə Ərəbistanı ilə nüvə enerjisi sahəsində əməkdaşlıq haqqında saziş bağlamağın mümkünlüyünü araşdırırdı:

"Lakin bu məsələ Prezident Donald Trampın hakimiyyətə gəlişindən sonra Səudiyyə Ərəbistanının "İbrahim sazişləri"nə qoşulması və İsraillə münasibətləri normallaşdırması kontekstində gündəmə gətirilirdi. Bu baxımdan, ABŞ-nin energetika naziri Səudiyyə Ərəbistanının energetika naziri ilə nüvə əməkdaşlığı sazişi imzalaması təəccüb doğurdu. Sənəddə nə "İbrahim sazişləri"nə, nə də Səudiyyə Ərəbistanının onlara qoşulmasına dair hər hansı istinad yer almışdı. Bundan başqa, sənəddə Səudiyyə Ərəbistanının nüvə silahı əldə etməsinə yol aça biləcək uranın zənginləşdirilməsi fəaliyyətinin qarşısını almağa yönəlmiş məhdudiyyətlər də əks olunmamışdı. Bundan sonra Prezident Trampın həm Respublikaçılar, həm də Demokratlar Partiyasından olan Konqres üzvlərinin, eləcə də İsrail hökumətinin tənqidləri ilə üzləşdiyi və nəticədə energetika nazirinin imzaladığı sazişdən geri çəkilməyə məcbur qaldığı bildirilir. Bunun əvəzində o, yeni ilkin şərt irəli sürərək Səudiyyə Ərəbistanının "İbrahim sazişləri"nə qoşulmasını və İsraili rəsmi şəkildə tanımasını yenidən əsas tələb kimi gündəmə gətirdi".
"Lakin İsrailin Qəzzaya bugünkü hücumlarından sonra Səudiyyə Ərəbistanında belə bir addımın atılması həm çox çətin, həm də siyasi baxımdan demək olar ki, mümkün görünmür. Buna görə də siyasi baxımdan ABŞ ilə Səudiyyə Ərəbistanı arasında nəzərdə tutulan nüvə əməkdaşlığı sazişinin faktiki olaraq baş tutmayacağını düşünmək olar",-deyə diplomat vurğulayıb.
Onun sözlərinə görə, bununla belə, Tramp Administrasiyasının məhz bu dövrdə bu sazişi irəli aparmaq istəməsinin əsas məqsədlərindən birinin İrana əlavə təzyiq göstərmək olduğu hesab edilir:
"ABŞ İranın Hörmüz boğazında gəmiçilik marşrutlarını hərbi yolla təhdid etmək imkanlarını zəiflətməyə çalışır. Lakin bunun uğur qazanacağına dair ciddi şübhələr mövcuddur. Eyni zamanda ABŞ İranın iqtisadiyyatına ağır zərbə vurmaq məqsədilə hərbi əməliyyatlarının miqyasını genişləndirib. Prezident Trampın mövqeyi budur ki, İrana hərbi və iqtisadi təzyiqin artırılması Tehranın nüvə danışıqlarına daha konstruktiv şəkildə qayıtmasına səbəb ola bilər. Bu kontekstdə Səudiyyə Ərəbistanı ilə nüvə əməkdaşlığı sazişi də Tramp administrasiyasının İrana təzyiq alətlərindən biri kimi qiymətləndirilir. Lakin mövcud siyasi reallıqları nəzərə alaraq, bu sazişin irəli aparılacağı inandırıcı görünmür. Çünki vəliəhd şahzadə Məhəmməd bin Salmanın "İbrahim sazişləri"nə qoşulması real siyasi seçim hesab edilmir".
Beynəlxalq Rəqəmsal Media Federasiyasının (CIFJEE) koordinatoru, misirli siyasi analitik Məhəmməd Tharvat isə Oxu.Az-a açıqlamasında qeyd edib ki, ABŞ ilə Səudiyyə Ərəbistanı arasında nüvə sazişinin həm üstünlükləri, həm də çatışmazlıqları var:

"Üstün cəhətlərindən biri odur ki, bu sənəd Krallığa enerji mənbələrini şaxələndirmək və neftdən asılılığını azaltmaq imkanı verir. Lakin siyasi analitik kimi mənim fikrimcə, saziş daha dərin geosiyasi məqamları da özündə ehtiva edir".
"Birincisi, saziş ABŞ, Çin və Rusiya arasında Yaxın Şərqdə nüfuz uğrunda rəqabətin gücləndiyi bir dövrdə imzalanır. Eyni zamanda, Livan prezidentinin Ağ Evə ilk səfəri ilə üst-üstə düşür. ABŞ-nin Suriyanı Livanın daxili işlərinə müdaxilə etməyə və "Hizbullah"a qarşı mövqe tutmağa təşviq etməsi, başqa sözlə, Birləşmiş Ştatların maraqları naminə sünni-şiə qarşıdurmasını alovlandırmağa çalışması barədə də iddialar mövcuddur. İkincisi, İsrail bu sazişə qarşı çıxır və onun "İbrahim sazişləri" (Abraham Accords) ilə əlaqələndirilməsinə çalışır. Üçüncüsü, ABŞ-Səudiyyə sazişi İranla gərginliyin artdığı bir şəraitdə meydana çıxır. Bundan əlavə, razılaşmada İranın dinc məqsədli nüvə proqramı və imkanlarının başqa məqsədlərə yönəldilməsinin qarşısını almağa yönəlmiş təhlükəsizlik təminatlarının olmadığı qeyd edilir ki, bu da regionda nüvə münaqişəsi riskini artıra bilər", - deyə analitik vurğulayıb.