Bakı-Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti məlum olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 27-də saat 00:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yol-nəqliyyat hadisəsi səbəbi ilə çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən 1988-ci il təvəllüdlü şəxs (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Bədənin müxtəlif nahiyələrinin çoxsaylı sınıqları diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir", -deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə yolun 9-cu kilometrliyində, Abşeron rayonunun Xırdalan şəhəri ərazisindən keçən hissəsində baş verib.
77-AM-607 dövlət qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobil idarəetmədən çıxaraq eyni hərəkət zolağında dayanan 19-BE-454 dövlət qeydiyyat nişanlı "KamAZ" markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Hazırda hadisə yerinə yol polisi əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb ediliblər.