"Ən aktual məsələ münaqişədən sonrakı yenidənqurma prosesləridir".
Oxu.Az xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Şəhərlər bağlantının mərkəzində: Yenidənqurma və regional əməkdaşlıq" mövzusundakı xüsusi sessiyada deyib.
O bildirib ki, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa işləri zamanı məhz bu çətinliklər müşahidə olunur:
"Mənim ötən oktyabrda, son Milli Şəhər Forumunda səfərim zamanı diqqətimi çəkən əsas məqam, mənzil, ictimai xidmətlər, rəqəmsal bağlantı və yaşıl enerji şəbəkələrinin vahid ərazi baxışında inteqrasiyası idi, şəhər və qəsəbələri ayrıca deyil, funksional insan coğrafiyasını bərpa etmək məqsədi daşıyırdı. Eyni yanaşma yalnız bərpa ilə məhdudlaşmamalıdır. İstər yeni yaranan regional dəhlizlərdən, istər enerji və ya rəqəmsal şəbəkələrdən danışsaq da, bu marşrutlar boyunca yerləşən şəhər və kəndlər sadəcə keçilən ərazilər deyil, investisiya qoyulan strateji aktivlər kimi qəbul olunmalıdır".
O bildirib ki, dəhlizlər yalnız malları və insanları daha səmərəli şəkildə daşımır:
"Onlar bütün regionların iqtisadi coğrafiyasını yenidən formalaşdırır. Hazırda Afrika qitəsini Avropaya, eləcə də Asiyanı bir-birinə bağlayan strateji dəhlizlər bu dövrün ən mühüm infrastruktur investisiyalarından biridir və bu dinamikanın bariz nümunəsidir. Orta Dəhliz adlanan və Çin, Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan və Avropanı birləşdirən bu inteqrasiya olunmuş investisiyalar sürətlə genişləndikcə, bu xətt üzərində yerləşən şəhərlər öz iqtisadiyyatlarını şaxələndirmək üçün real imkanlar qazanır: yaşıl sənaye, qabaqcıl logistika xidmətləri, aqro-emal və rəqəmsal bizneslərin cəlb edilməsi kimi".