İspaniyanın Almeriya əyalətində iki nəfərin ölümü, dörd nəfərin isə yaralanması ilə nəticələnən ağır cinayət hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə mayın 18-i saat 23:00 radələrində El Ejido bələdiyyəsinin Balanegra yaxınlığındakı El Canalillo məhəlləsində qeydə alınıb.
Siqnal əsasında əraziyə cəlb olunan polis əməkdaşları avtomobildə bir kişi və bir qadının meyitini aşkarlayıblar. Araşdırmalar zamanı güllələnən şəxslərin cinayəti törədənin öz ata və anası olduğu müəyyən edilib.
Hadisə zamanı silahlı şəxs daha dörd qohumunu yaralayıb. Yaralılar arasında cinayətkarın özünün yeddiaylıq körpəsi (vəziyyəti ağırdır), ikiyaşlı bir uşaq, vəziyyəti ağır olan daha bir qadın və 60 yaşlı kişi var. Yaralıların hamısı dərhal xəstəxanaya yerləşdirilib.
EFE agentliyinin yaydığı son məlumata görə, valideynlərini qətlə yetirməkdə və dörd nəfəri yaralamaqda şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq həbs edilib.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.