"Ölkədə vəkillərin sayı azdır və bunu aradan qaldırmasaq, gələcəkdə problem yaşayacağıq".
Oxu.Az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, son illərdə Vəkillər Kollegiyasına qəbul mütəmadi olaraq həyata keçirilir:
"Vəkillik peşəsinə ölkədə böyük maraq var. Hüquqşünasların ən çox maraq göstərdiyi sahə vəkillik peşəsidir. Yazılı imtahanda da 423 namizəd iştirak edir. Bu sahədə vakansiya deyilən anlayış yoxdur. Digər Avropa Şurasına üzv ölkələrlə müqayisədə vəkillərin sayı azdır. Gürcüstan və Türkiyə ilə belə müqayisədə 100 min nəfərə düşən vəkil sayına görə də problem yaşayırıq. Məqsədimiz bunu aradan qaldırmaq lazımdır. Hazırda 2800-dək vəkil fəaliyyət göstərir. İlin sonuna qədər növbəti vəkilləri qəbul edəcəyik. Gələn ilin birinci yarısında isə vəkillərin sayı 3000 nəfəri ötəcək".
Sədrin sözlərinə görə, hər il orta hesabla 350-dək şəxs vəkilliyə qəbul olunur:
"Qəbul də mürəkkəb prosesdir. İmtahanda iştirak edənlər hamısı vəkil olmurlar. Bu il 800-dək şəxs imtahanlarda iştirak edib ki, bu da yüksək rəqəmdir. Ölkədə hüquqşünas məzunlarının azlığı bu sahədə çalışanların az olmasına gətirib çıxarır. Məzunlar özəl və dövlət sektorunda çalışırlar və bu sahəyə tələbat çoxdur. Yaxşı olar ki, hüquqşünas ixtisasına qəbul sayı artırılsın. Əks halda gələcəkdə problemlə qarşılaşacağıq.
Gənclərə də müraciət edirəm ki, bu sahəyə gəlsinlər. Son müşahidələr onu deməyə əsas verir ki, qadın hüquqşünasların da sayı artıb. Hazırda namizədlərimiz sayı 31 faiz təşkil edir. Bu, gender balansının qorunmasında mühüm olacaq. Regionlarla Bakıdan olan namizədlərin arasında bərabərlik var. Həmişə Bakıdakılar daha çox idi. İndi 44 faiz regionları təmsil edir. İstərdim ki, bölgələrdə də bürolar açılsın.
Həmişə vəkilliyə gənclər az maraq göstərirlər. Amma qanunvericiliyə edilən dəyişiklikdən sonra vəkilliyə qəbulda məhdudlaşdırıcı tədbirlər aradan qalxdı. Əvvəl 3 il hüquq təcrübəsi tələb olunurdusa, indi bu, 1 ildir. Gələn il imtahanlarda onlar da iştirak edəcəklər. Marağındayıq ki, gənclər olsunlar.
Bugünkü imtahanda iştirak edənlərin 71 faizi 40 yaşa qədər olanlardır. Ölkədə hüquqi xidmətlərə böyük ehtiyac var".
Aqil Vəlili