Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak ofisində axtarışlar aparıldığını təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə Yermak özü sosial şəbəkə hesabında məlumat verib.
"Bu gün mənim otağımda NABU və SAP axtarışlar aparıblar. Hüquq-mühafizə orqlanlarının əməkdaşları heç bir maneə ilə üzləşməyiblər. Onlara otağa tam giriş imkanı verilib. Vəkillərim oradadır, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edirlər. Mən tam əməkdaşlığı təmin edirəm", - deyə Yermak paylaşımında qeyd edib.
Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) Yermakın evində axtarışların aparıldığını rəsmən təsdiqləyib.
İstintaq tədbirləri Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluqla (SAP) birgə aparılır.
Bu barədə hər iki qurumun rəsmi "Telegram" kanallarında məlumat verilib.
NABU nümayəndələri qeyd ediblər ki, əməliyyat tam qanunauyğundur və aparılan istintaq çərçivəsində həyata keçirilir. Onlar istintaqın gedişinə mane olmamaq üçün əməliyyatın təfərrüatını daha sonra açıqlayacaqlarını bəyan ediblər.
Nüfuzlu "Financial Times" nəşrinin Kiyevdəki əməkdaşı Kristofer Miller sosial şəbəkə hesabında yazıb ki, "Andrey Yermakın otağında axtarışlar Ukraynanın enerji sektorundakı korrupsiya sxemlərinin üzə çıxarılmasına yönəlmiş "Midas" əməliyyatı çərçivəsində aparılır.

Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu (SAP) Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermakın hökumət məhəlləsindəki ofisində axtarışlar aparırlar.
Oxu.Az xəbər verir ki, bu barədə "Ukrainska Pravda"nın əməkdaşı hadisə yerindən məlumat verib.
Jurnalistlər, təxminən, 10 NABU və SAP əməkdaşının hökumət məhəlləsinə daxil olduğunu lentə almağa müvəffəq olublar.