Bu gün bir qrup şəxs Azərbaycanın Türkiyədəki səfirliyinin qarşısında aksiya keçirib.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, aksiya iştirakçıları Azərbaycanda hicabın qadağan olunduğunu iddia edərək bu mövzuda etiraz şüarları səsləndiriblər.
Onların çağırışlarında məktəblərdə geyim qaydaları ilə bağlı qərarlar tənqid olunub. Hicab məsələsi ilə yanaşı, Azərbaycanın İsraillə münasibətlərinə dair ittihamlar da səsləndirilib.
Ankarada keçirilən aksiya ilə bağlı çağırışlar bu gün Türkiyə mediasında yayımlanıb. "Milat" qəzeti Azərbaycan səfirliyinin qarşısında etiraz aksiyasının keçiriləcəyini yazıb. İstanbulda isə oktyabrın 3-də Azərbaycanın baş konsulluğunun qarşısında oxşar aksiya təşkil olunub. Həmin aksiyada hicabla bağlı şüarlarla yanaşı, Azərbaycanın İsraillə münasibətlərini tənqid edən fikirlər də səsləndirilib.
Mübahisələrin əsasını Azərbaycanda məktəbli geyimi ilə bağlı qaydalar təşkil edir. Türkiyənin "Medyascope" nəşrinin yazdığına görə, sentyabrın 21-də qəbul edilən qərarda "hicab" sözü birbaşa qeyd olunmur. Sənəddə məktəbli formasının bütövlüyünü pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən bəhs edilir. Nəşr bəzi məktəblərdə hicablı şagirdlərin dərsə buraxılmadığı və müəllimlərin xəbərdarlıq aldığı barədə məlumatları da yayıb.
Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi oktyabrın 9-da Türkiyə-Azərbaycan münasibətlərini hədəfə alan bəzi media materialları və sosial şəbəkə paylaşımları ilə bağlı açıqlama yayıb. Mərkəz həmin məzmunların iki ölkənin strateji tərəfdaşlığına zərər vurmağa yönəldiyini bildirib.
Son günlər İstanbulda, bu gün isə Ankarada Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında aksiyaların keçirilməsi, səsləndirilən şüarlar və sosial şəbəkələrdə yayılan çağırışlar Türkiyə-Azərbaycan münasibətləri ətrafında müzakirələri intensivləşdirib. Aksiya iştirakçılarının hicab məsələsini İsraillə münasibətlərə dair ittihamlarla əlaqələndirməsi də müzakirələrin ikitərəfli münasibətlər kontekstində aparılmasına səbəb olub.