Avropa parlamenti Azərbaycanda seçkilərin monitorinqini aparmayacaq.
Oxu.Az AZE.az-a istinadən xəbər verir ki, bu barədə “Avronest” Parlament Assambleyasının (“Avronest” PA) vitse-prezidenti Elxan Süleymanov bəyan edib.
Onun sözlərinə görə, bu qərar ölkəmizin müstəqillik tarixində mühüm hadisədir.
Elxan Süleymanov Avropa parlamentinin 2005, 2008 və 2010-cu il seçkilərində Azərbaycana xüsusi missiyalar göndərdiyini xatırladıb. Həmin missiyalar seçkilərin müşahidəsi üzrə fəaliyyətləri çərçivəsində irəliləyişin olduğunu bildirir və müsbət rəylər təqdim edirdilər.
Avropa parlamentinin Azərbaycandakı seçkilərdə iştirak etməmək haqqında hazırkı qərarı bu strukturun ölkəmizə və burada gedən siyasi prosedurlara etibar nümayiş etdirməsindən xəbər verir.
Süleymanov respublikada seçki prosesinin bütün beynəlxalq norma və standartlara cavab verəcəyini qeyd edib. Parlament Assambleyasının nümayəndəsi vurğulayıb ki, Avropa parlamenti 2013-cü ildə Ermənistana missiya göndərib, bundan başqa, gələcəkdə Gürcüstana qarşı da bu addımı atmaq niyyətindədir. Yəni, Azərbaycan Cənubi Qafqazda qurumun demokratik standartlarına cavab verən birinci ölkədir.