Dünən Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulub.
Oxu.Az Azerisport.com-a istinadən xəbər verir ki, ötən gün Azərbaycanın avrokuboklardakı təmsilçilərinin hamısı növbəti oyununu keçirib.
Belə ki, “İnter” səfərdə Finlandiyanın “Mariehamn” klubunun qonağı olub. Komandamız 2:0 hesabıyla qalib gəlib.
“Qarabağ” evdə Makedoniya “Metallurg”u ilə qarşılaşıb və minimal hesabla üstün olub.
“Xəzər Lənkəran” isə Malta “Sliema”sı ilə münasibətlərinə aydınlıq gətirib və 1:0 hesabıyla qələbə qazanıb.
Nəticədə, klublarımızın üçü də növbəti mərhələyə adlayıb.
Klublarımızın bu uğuru ölkəmizin reytinqinə də təsirsiz ötüşməyib. Belə ki, onların hərəsi reytinqimizə 0.250 xal yazdırıb. Nəticədə Azərbaycanın xal ehtiyatı daha da yaxşılaşıb. Oyunların nəticələrinə görə, ölkəmiz UEFA-nın reytinqində bir pillə irəliləyib. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 30-cu pilləyə qalxıb.