Məlum olduğu kimi, fevral ayında Belçikanın paytaxtı Brüsseldə Avronest Parlament Assambleyasının Sosial Komitəsinin iclası baş tutub.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, Sosial Komitənin iclasında Avronestin cari fəaliyyəti ilə bağlı önəmli müzakirələr həyata keçirilib.
Eyni zamanda, Milli Məclisin deputatı Ceyhun Osmanlı və Avropa Parlamentinin deputatı Tatyana Jdanokun müəllifi olduğu “Şərq Tərəfdaşlığı” ölkələrində mədəniyyətlərarası dialoq adlı sənəd Avropa Parlamentinin rəsmi sənədi olaraq müzakirəyə çıxarılıb.
Sənəddə “Şərq Tərəfdaşlığı” ölkələrində mədəniyyətlərarası dialoq - hansı ki, özündə tolerantlığı əks etdirir, eyni zamanda, irqçilik, rasizm, faşizm kimi ünsürlərlə mübarizə və bir çox başqa məqamlar qeyd olunub.
Eyni zamanda “Şərq Tərəfdaşlığı” regionlarında konfliktlər olan bölgələrdə mədəniyyət obyektlərinin qorunmasının zəruriliyi və bununla bağlı öhdəliklərlə bağlı çox ciddi müddəalar da sənəddə öz əksini tapıb. Mükəmməl bir xarakter daşıyan sənəd nəinki Avropa regionunda, hətta dünyanın bir çox yerlərində də tətbiq oluna bilər.
İclas zamanı Ermənistan Parlamentinin deputatları Ceyhun Osmanlının məruzəsindən sonra Azərbaycanın ərazi bütövlüyü ilə bağlı hər zaman olduğu kimi aqressiv mövqedə olan, provokativ bəyanatlarla çıxış ediblər. Lakin Ceyhun Osmanlı bütün bu yönələn aqressiv və əsası olmayan bəyanatları əsaslı şəkildə cavablandırıb. Son olaraq Sosial Komitənin yekunlaşmış sənədi qəbul edilib və sənəd plenar iclasa tövsiyə edilib.
Qeyd edək ki, Avropa Parlamentində Azərbaycanlı deputatın məruzə etdiyi belə bir sənəd müzakirəyə çıxarılıb.
İclasda çıxış edən C.Osmanlı bəzi tərəfdaş dövlətlər tərəfindən Avropa İttifaqına ancaq maliyyə resursu kimi baxılmasının düzgün olmadığını söyləyib. O, İttifaqın dəyərlər inteqrasiyası olduğunu qeyd edərək, bu prosesdə tərəqqipərvər dəyərlərin mübadiləsinin prioritet sayılmasının vacibliyini bildirib. Deputatın bu yanaşması komissiya təmsilçiləri tərəfindən dəstəklənib.