Elçin Aslangil yazır...
Odumuz, suyumuz özümüzdən, özgəsindən tüstü umduğumuz varmı?
Əskimiz tüstülüdür, billah! Bizim əsgilərimizin gözlərini barıt tüstüsü az yaşartmayıb, ağayi Xamenei! Hamam böcəyinə bənzətdiyiniz millətdən umduğunuz nədir indi? Yenicə özgürlüyünə qovuşmuş Azərbaycanın hava sərhədlərini hərbi təyyarələriniz pozmadımı? Böhtan və yalan maşınını işə salmaqla nə etmək istəyirsiniz?
Hədd-hüdudlarını aşa bilməyən molla rejimi min kilometr uzaqdan müstəqilliyimizə dil uzadır. Bu boyda da dil olar? Biz həmin o "diliniz"dən agah olduq cəmi on gün əvvəl. "Amerika"nı yerlə bir edəcəkdiniz, amma hərb tarixində misli-bərabəri görülməmiş rüsvayçılığa imza atdınız. Raket atmamışdan qabaq mesaj atdınız ki, "hazır olun, vuracağıq". Bərəkallah, dilə bax e!
Mənim İranın həlləm-qəlləm "S(z)əhər TV"sinə bir neçə sualım var:
- Tehranı Baku TV, ya Lent.az vurub?
- Ağayi Xameneini bunkerə Baku TV və ya Lent.az salmışdı?
- Biz nəmənə günah iş görmüşük ki, iki həftədir, "xamuş" (səssiz) olmaq bilmirsiniz?
Vallah da, billah da, dedi-qoduya qalsa, deyirlər ki, "Molla rejimi İsrailin kuklasıdır. Molla rejimini İsrail və ABŞ ona görə İrana varid edib ki, İsrail İranı özünə düşmən göstərib, həmişə güclü qalsın". And olsun Xameneinin cəddinə, bunu mən demirəm. Bir ağı məclisində Amuli gizlincə əyilib pıçıldamışdı qulağıma. Bunu eşidəndə, nə yalan deyim, bir anlıq gülümsəmişdim. Çünki biz bilməmiş deyilik ki, siz "düşmən" dediyinizin cibindən çıxırsınız.
Bir vaxtlar "biz bir ümmətik" deyib könül alanlar bu gün təhdidlə "qonşuluq" anlayışını çeynəyirlər. "İslam qardaşlığı" dediyiniz təkcə sizə xidmət etdiyi müddətcə sizə şirindir, eləmi?
Bilmirsinizsə, bilin: Azərbaycan qardaşlığı, dostluğu əlinin içi kimi bilir, amma bəzi şeyləri də unutmur. Bu xalqın hafizəsi güclüdür - Şuşanı unutmayan millət sizin Təbrizdə, Urmiyada, Zəncanda tökdüyünüz qanı da unutmaz. Tehranda ermənilərə "Arsax"ın əski parçasını açdırmağınızı da unutmamışıq.
Bilirik, içinizdəki kin nə Qarabağla başladı, nə də Xudafərinlə bitəcək. Sizi yandıran Azərbaycan türklərinin artıq başını dik tutmasıdır. Sizi yandıran bizə "əziz qardaş" deyib, sonra kürəyimizə sancdığınız xəncərin artıq sınmasıdır. "Zəhər TV" kanalı ilə mollaxana minbərlərindən yağdırdığınız qarayaxma heç bir şeyi dəyişməyəcək - çünki Azərbaycan artıq qaranlıqda yön axtaran ölkə deyil, yol göstərən bir işıqdır.
Haşa ki, bu arx çox su apara - sel olub Bəzz qalasından enərik və o zaman şüarlar yox, şüurlar öz işini görmüş olar.
