Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Deputat: "Ermənistan Azərbaycanın nail olduğu reallığın əsl mahiyyətini dərk edə bilmir"
"Prezident İlham Əliyevin ötən gün TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən verdiyi bəyanatlar ancaq müstəqil dövlətin və güclü liderin ifadə edə biləcəyi mövqe idi".
Bunu Oxu.Az-a şərhində Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O qeyd edib ki, türklük Azərbaycanda bir müddət manipulyasiya olunan mövzu olub:
"Xüsusən müstəqilliyin ilk iki ilində ciddi formada istismar edilib, amma səmimiyyətlə deyə bilərik ki, ulu öndər Heydər Əliyevə qədər türk dünyası ilə heç bir sağlam bağ qurulmayıb. Məhz dahi öndər bu gedişi dəyişdi. Bu gün Prezident İlham Əliyev isə artıq Bakıda böyük türk birliyi barədə acıq və praqmatik bəyanatlar verir. Türk dünyası ilə əlaqələri xarici siyasətin prioriteti elan edir.
Rəsmi masalarımızda Şimali Kipr Türk Cümhuriyyətinin bayrağı açıq formada yerini tutur. Yəni bir sözlə, Azərbaycan artıq özünü qlobal hərbi-siyasi güc kimi göstərə və özünün milli maraqlarını, həmçinin xarici siyasətinin prioritetini təşkil edən türk dünyası ilə münasibətlərini sərbəst formada həyata keçirə bilir. Əgər biz böyük türk birliyinə bölgədə sülh və təhlükəsizliyin qarantı kimi baxırıqsa, heç şübhəsiz ki, Prezidentin bölgədə sülh və təhlükəsizliyi təhdid edən amillərə nitqində xüsusi yer ayırması gözlənilən idi. Sirr deyil ki, indiki məqamda regionda sülh və sabitlik üçün tarixin heç bir dövründə olmadığı qədər unikal imkan yaranıb".
Deputatın sözlərinə görə, təəssüflər olsun ki, Azərbaycanın hərbi-siyasi yolla nail olduğu bu status-kvonun əsl mahiyyətini Ermənistan hələ də tam şəkildə dərk edə bilmir:
"İstər Ermənistan hakimiyyətində təmsil olunan bəzi şəxslər, istərsə də Ermənistan müxalifəti, Ermənistanın havadarları tərəfindən dəstəklənən ayrı-ayrı qruplaşmalar və erməni diasporunun dəstəyi ilə mövcudiyyətini davam etdirən revanşist kəsim hələ də Azərbaycana qarşı ərazi iddialarından könüllü şəkildə əl çəkmək niyyətində olmadıqlarını göstərirlər. Bu mənada, Prezidentin dünənki çıxışında səsləndirdiyi tezisləri təsadüf hesab etmək olmaz və reallıqlara Azərbaycan dövlətinin praqmatik reaksiyası hesab olunmalıdır. Azərbaycan Prezidentinin regionda müşahidə olunan proseslərlə bağlı mövqeyi kifayət qədər aydındır. Biz milli maraqlarımızın sərhədlərini, o cümlədən regionda sülhü və sabitliyi, o cümlədən Azərbaycan xalqının, dövlətinin maraq və mənafelərini təhdid edən amillərin istiqamətlərini yaxşı dərk edirik. Eyni zamanda, Azərbaycanın yaratdığı hərbi-siyasi reallıq proseslərin gedişi ilə bağlı adekvat davranışlara tam imkan yaradır".
"Fəaliyyətini yalnız real əsaslar üzərində quran Prezident İlham Əliyev də məhz bu status-kvoya əsaslanaraq Ermənistanın hansısa revanşist addımlarının bu ölkənin dövlətçiliyinin sonunu gətirəcəyini arxayınlıqla bəyan edir. Azərbaycan üçün regionda sülh və sabitliyin alternativi yoxdur, lakin eyni zamanda biz öz maraq və mənafelərimizi müdafiə etmək üçün BMT Nizamnaməsini, beynəlxalq hüququn normalarında əskini tapan prinsipləri rəhbər tutaraq Azərbaycanın yaratdığı hərbi-siyasi reallıqların davamlılığı üçün istənilən tədbirlər görməyə hazırıq", - deyə B.Məhərrəmov fikrini tamamlayıb.
Nəzrin Vahid
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident: "Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq"
- Prezident: "ICAPP özünü nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib"
- İlham Əliyev: "Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb"
- İlham Əliyevdən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının iştirakçılarına MÜRACİƏT
- Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın MM tərəfindən təqdim olunan üzvləri müəyyənləşib