"Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində ciddi addımlar atılıb. Bu prosesdə ilk təşəbbüs göstərən tərəf Azərbaycan olub. Biz sülh müqaviləsinin imzalanmasının vacibliyini vurğulamaqla yanaşı, Ermənistana beynəlxalq hüquqa uyğun beş baza prinsip əsasında sülh müqaviləsi imzalamağı təklif etmişik. Təəssüf ki, ötən beş il ərzində Ermənistan tərəfi bu məsələdə konstruktiv mövqe sərgiləməyib".
Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.
O, bu istiqamətdə avqustun 8-də Vaşinqtonda sülh sazişinin paraflanması və bu razılaşma çərçivəsində Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin vacibliyindən danışıb:

"Azərbaycan Prezidenti həmin mərhələdə Ermənistana, obrazlı şəkildə desək, "ev tapşırıqları" verdi və bu tapşırıqlar yerinə yetirildikdən sonra Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasının mümkün olduğunu da bildirdi.
Əsas şərt isə Ermənistan öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarından imtina etməsidir. Bu məqsədlə Ermənistanda referendum keçirilməlidir. Ermənistan tərəfi, o cümlədən baş nazir Paşinyanın komandası sülh müqaviləsinin imzalanması üçün konstitusiyada dəyişikliklər edilməsi ilə bağlı addımlar atılmasına başlandığını ifadə ediblər. Lakin bunun üçün referendum keçirilməlidir. Ermənistanda 2026-cı ilin iyununda parlament seçkisi keçiriləcək və seçki ərəfəsində referendumun keçirilməsi gözlənilmir. Bu baxımdan, Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün müəyyən müddət gözləmək lazım gələcək. Ən yaxşı halda, 2026-ci il parlament seçkisindən sonra referendum keçirilə bilər, bununla bağlı da Ermənistanın qərarı olmalıdır".
"Nəticə olaraq, konstitusiya dəyişiklikləri baş vermədən və Ermənistanda Azərbaycana qarşı ərazi iddialarından imtina edilmədən sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz. Bu, Azərbaycanın qəti və əsas tələbidir. Təbii ki, digər məsələlər də mövcuddur.
Ermənistanın üzərinə düşən öhdəliklərdən biri də kommunikasiyaların açılması, eləcə də sərhədlərin delimitasiya və demarkasiya prosesləridir. Ermənistan bu öhdəlikləri yerinə yetirməlidir. Bu sahələrdə də konkret addımlar atmalıdır. Azərbaycan artıq bu istiqamətdə ilk addımı atıb. 30 ilə yaxın davam edən işğal dövründə Azərbaycan ərazisindən Ermənistana yükdaşımalarına məhdudiyyət qoyulmuşdu. Lakin Azərbaycan Prezidenti artıq bu məhdudiyyətin aradan qaldırılması barədə qərar verib və bir qərinə sonra Qazaxıstandan gələn yüklər Azərbaycanın və Gürcüstanın ərazisindən keçərək Ermənistana çatdırılıb.
Ermənistan isə indi cavab olaraq yeni marşrut təklifləri ilə çıxış edir, Azərbaycanın yüklərinin də Ermənistan ərazisindən keçidini təklif edir. Lakin bu variant bir çox səbəbdən real və məqsədəuyğun hesab edilmir. Xüsusilə təhlükəsizlik məsələləri burada əsas yer tutur. Əsas məsələ Zəngəzur dəhlizidir - bu dəhlizin açılması gündəmdə qalır və Ermənistan bu istiqamətdə ciddi addımlar atmalıdır. Amma ilk növbədə, sülh müqaviləsinin imzalanması üçün referendum keçirilməli və Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları tamamilə çıxarılmalıdır. Bu baş vermədiyi təqdirdə sülh müqaviləsinin imzalanması mümkün olmayacaq".
Siyasi şərhçi Kazım Kazımov da Oxu.Az-a bildirib ki, bu sənəd bölgədə tamamilə yeni mərhələnin başlanğıcıdır:

"Paraflanma faktı onu göstərir ki, tərəflər mətn üzərində əsaslı şəkildə razılığa gəliblər və artıq söhbət siyasi iradənin yekun formaya salınmasından gedir. İlin sonuna qədər sazişin imzalanma ehtimalı var, çünki sənədin hüquqi bazası və prinsipləri formalaşıb, tərəflər də bunun strateji əhəmiyyətini anlayırlar".
"Təbii ki, proses yalnız sənədin imzalanması ilə yekunlaşmır. Sülhün dayanıqlılığı üçün demarkasiya, kommunikasiya xətlərinin açılması, nəqliyyat marşrutlarının təhlükəsizliyi, eləcə də qarşılıqlı suverenlik və təhlükəsizlik zəmanətləri praktiki müstəviyə keçməlidir. Vaşinqtonda razılaşdırılmış marşrut layihəsinin iqtisadi və geosiyasi ölçüsü danılmazdır bu, yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün oyun qaydalarını dəyişə bilər. Mən hesab edirəm ki, bu marşrutun açılması regionda həm iqtisadi inteqrasiyanı gücləndirəcək, həm də uzunmüddətli sülhün "praktik təminatı"na çevriləcək", - deyə ekspert vurğulayıb.
Müsahibimiz bu prosesdəki risklərdən də danışıb:
"Ermənistanın daxili siyasi təlatümləri və revanşist dairələr hələ də prosesə mane ola biləcək amil kimi qalır. Bakı üçün də ən vacib məsələ ondan ibarətdir ki, anlaşma yalnız kağız üzərində qalmasın: Ermənistan konstitusiyasında ərazi iddialarının tam şəkildə aradan qaldırılması və sülh sazişinə uyğun hüquqi müstəvinin yaradılması əsas şərtdir. Əks halda, sənədin imzalanması belə uzunmüddətli təhlükəsizliyi təmin etməz".
"Beynəlxalq mühitə gəldikdə, Vaşinqtonun vasitəçi rolu regionda yeni geosiyasi arxitekturanı formalaşdırır. Mən bunu Azərbaycanın uğurlu diplomatik mövqeyi kimi görürəm: proses nəinki hərbi-siyasi reallıqlara söykənir, həm də Azərbaycanın iqtisadi və nəqliyyat mərkəzinə çevrilməsini sürətləndirə bilər.
İndi məsələ siyasi cəsarət, uzaqgörənlik və əldə olunan razılaşmaların texniki icrasına nə dərəcədə sadiq qalmaqla ölçüləcək. Sənəd imzalanarsa və əgər öhdəliklər ardıcıl yerinə yetirilərsə, Cənubi Qafqazda uzun illərdən sonra ilk dəfə real və davamlı sülh nizamı formalaşa bilər", - şərhçi fikrini yekunlaşdırıb.
Mərahim Nəsib