"Qarabağ"da oynamaq şansımın olmadığını hiss edirdim. Bəzi oyunlarda yaxşı çıxış etsəm də, heç bir izah verilmədən yenidən heyətdən kənarda qalırdım. Məhz bu da ayrılmaq qərarını verməyimə səbəb oldu. Mən oynamaq və xoşbəxt olmaq istəyirdim. Xoşbəxtliyimi itirmişdim, amma indi onu yenidən tapmışam".
Oxu.Az xəbər verir ki, bu sözləri futbolinfo.az saytına açıqlamasında Fabian Buntiç deyib.
29 yaşlı qapıçı Azərbaycanda çıxış etdiyi dövrü dəyərləndirərək burada böyük təcrübə qazandığını bildirib:
"Azərbaycanda yüksəksəviyyəli futbol oynamaq mənə çox böyük təcrübə qazandırdı. İnanıram ki, bu təcrübə gələcək karyeramda mütləq fayda verəcək".
Buntiç "Qarabağ"ın avrokuboklardakı şansına da münasibət bildirib: "Qarabağ"ın əsas məqsədi Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq olmalıdır. Ancaq bunu reallaşdırmaq asan olmayacaq. Komandanın qarşısında güclü rəqib var və bu mərhələni keçsələr belə, növbəti raund da çətin olacaq. Bununla belə, futbolda hər şey mümkündür. "Qarabağ" əvvəllər də belə çətin sınaqlardan uğurla çıxıb. Mən də onlara uğurlar arzulayıram".
Portuqaliyanın "Farense" klubuna transferindən danışan qolkiper yeni komandasında özünü xoşbəxt hiss etdiyini vurğulayıb:
"Yeni bir çağırış axtarırdım. Yenidən futbol oynamaqdan zövq almaq və sevincimi geri qaytarmaq istəyirdim. "Farense" bunu mənə yenidən bəxş etdi. Burada olduğum üçün çox xoşbəxtəm. Bu klubu seçməyimin əsas səbəbləri yüksək həyat keyfiyyəti və müntəzəm oynamaq imkanı idi. Mən və ailəm Portuqaliyanı çox sevirik. Qərarımda bu amil də mühüm rol oynadı".