Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfrans yekunlaşıb - YENİLƏNİB + VİDEO
Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda keçirilən beynəlxalq elmi konfrans başa çatıb, yekunda iştirakçılar birgə kommunike qəbul ediblər.
“Report” xəbər verir ki, konfrans 15 Mart - Beynəlxalq İslamofobiya ilə Mübarizə Gününə həsr olunub və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə keçirilib.
Konfransda Azərbaycan Prezidenti İlham Əliyevin müraciəti və İslam Əməkdaşlıq Təşkilatının baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yusef M. Al-Dobay və G20 Dinlərarası Dialoq Forumunun prezidenti, professor Kol Durhamın çıxışları dinlənilib.
“İslamın potensial təhlükə mənbəyi kimi aşılandığının, müsəlmanlara qarşı şübhə, ayrı-seçkilik və açıq nifrətin gündən-günə daha geniş yayıldığının şahidi oluruq. İslamofobiya ilə Mübarizə Gününə dair Birləşmiş Millətlər Təşkilatının (BMT) Qətnaməsində də qeyd edildiyi kimi dini inanclarla bağlı ayrı-seçkilik, dözümsüzlük və şiddət hallarının çoxalması dərin narahatlıq doğurur”, - Azərbaycan Prezidenti İlham Əliyevin müraciətində deyilir.
“Konfransda tolerantlığı, sülhü və insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq istiqamətində səylərin əlaqələndirilməsi məsələləri, “sivilizasiyaların toqquşması” nəzəriyyəsindən irəli gələn problemləri, rəqəmsal islamofobiya və ali təhsil kontekstində islamofobiya ilə mübarizə məsələləri müzakirə edilib”, - yekun sənəddə vurğulanıb.
Kommunikeyə əsasən, islamofobiya və şərqçilik bütün mürəkkəbliyinə baxmayaraq, Avropa müstəmləkəçiliyinin tarixində dərin köklərə malikdir, ayrı-seçkilik siyasəti Qərbi Avropada, xüsusən də Fransada hələ də davam edir.
Konfrans iştirakçıları islam irsinin təhqir olunmasını və dağıdılmasını, mədəni və dini abidələrə hücumları, o cümlədən Fransada Xurşidbanu Natəvanın heykəlinin vandalizmə məruz qalmasını qınayıblar.
İştirakçılar həmçinin islamofobiya kontekstində gender problemlərini, müsəlman qadınlara, o cümlədən ali təhsil müəssisələrində kök salmış qərəzləri önə çəkərək, onların sülh və təhlükəsizlik gündəliyinə daxil edilməsini, həmçinin qadın azadlıqlarının və bununla bağlı sosial proqramların genişləndirilməsini istəyiblər.
Onlar Kütləvi İnformasiya Vasitələri (KİV) və sosial şəbəkələr vasitəsilə islama və müsəlmanlara qarşı qərəzin yayılmasına son qoymağa çağırıblar. Bu təzahür Şərqi Avropa və Yaxın Şərqdəki geosiyasi gərginlik və münaqişələr kontekstində Avropa və Şimali Amerikada xüsusilə narahatedici xarakter alıb.
Konfransda beynəlxalq təşkilatların və milli hökumətlərin hazırda islam və müsəlmanlar haqqında stereotiplərlə mübarizə üçün yetərsiz olan mövcud hüquqi vasitələri və siyasətləri genişləndirmək məsuliyyəti bir daha təsdiqlənib.
İştirakçılar iki əsas istiqamət üzrə islamofobiya ilə mübarizədə əməkdaşlığın və qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi barədə razılığa gəliblər. Bunlar siyasi səviyyədə və ictimai təbliğat yolu ilə, eləcə də diskriminasiya xarakterli nitqlə mübarizə üçün proqram və layihələrin işə salınması vasitəsilə KİV və akademik səviyyələrdə razılıqlardır.
Martın 10-da konfrans iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər edəcək və burada Ermənistanın işğalı illərində mədəniyyət və dini abidələrin dağıdılmasının şəxsən şahidi olacaqlar.
17:00
Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda keçirilən beynəlxalq elmi konfrans başa çatıb.
“Report” xəbər verir ki, tədbir iki gün davam edib.
Konfransın yekununda birgə kommunike qəbul olunub.
Sənədi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev oxuyub.
10:58
Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda keçirilən beynəlxalq elmi konfransın ikinci günü başlayıb.
Oxu.Az xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə keçirilən konfransın ikinci günündə ayrı-ayrı panel müzakirələr nəzərdə tutulub.
Qeyd edək ki, konfransda dünyanın 30 ölkəsindən 130-a qədər alim, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.
Müzakirələrdə mövzu üzrə yerli ekspertlər, dövlət qurumlarının nümayəndələri, dini icma rəhbərləri, dövlət rəsmiləri və diplomatlar yer alırlar.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Azərbaycanın daimi nümayəndəsi BMT Baş katibini mina çirklənməsi probleminə diqqət yetirməyə çağırıb
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Azərbaycanın D8-ə üzvlüyü: Yeni dünyanın qurulmasına qatılmaq üçün etimad