Qan Turalı yazır...
Keçən cümə Vaşinqtonda mühüm sənədlər imzalandı. Gələn ay isə "44 günlük" müharibənin başlanmasının beş ili tamam olur. Məşhur bir ifadə var: "Döyüşü udub stolda uduzmaq". Ancaq bu misal bizə qətiyyən aid oluna bilməz. Çünki ötüb keçən beş ilin hər biri Azərbaycan üçün yeni zəfərlər, qələbələr gətirdi. Şəhidlərimizin qanı bahasına qazanılan qələbə diplomatiya masasında da parlaq zəfərə çevrildi.
Azərbaycanın bütün tələbləri sözbəsöz yerinə yetirildi. Əvvəlcə, sülhməramlılardan başlayaq. 10 Noyabr bəyanatından dərhal sonra Qarabağa rus sülhməramlıları yerləşdirildilər. Ancaq lokal antiterror əməliyyatından sonra rus sülhməramlıların fəaliyyəti faktiki olaraq əhəmiyyətsizləşdi və onlar bəyanatda qeyd olunan müddət belə başa çatmadan Azərbaycandan çıxarıldılar.
Ən vacib məsələlərdən biri, bəlkə də birincisi, Azərbaycanın öz suverenliyini tamamlaması idi. Çünki Xankəndidə tarixin heç bir zamanında üçrəngli bayrağımız dalğalanmamış, bu Azərbaycan şəhəri separatizmin yuvasına çevrilmiş və xalqımıza qarşı məkrli siyasət, dəhşətli soyqırımı planları burada hazırlanaraq icra edilmişdi. Xankəndinin Azərbaycana qayıtması Azərbaycan xalqının və dövlətinin tarixində ən mühüm siyasi addımlardan biri idi.
10 Noyabr bəyanatında qeyd edilən məsələlərdən biri də Naxçıvana maneəsiz gediş və gəlişin təmin edilməsi idi. Ermənistan bu məsələnin icrasından yayınır, min bir bəhanə gətirirdi. Ermənistanın daxilindəki revanşist qüvvələr isə Zəngəzur dəhlizinin guya işğal ediləcəyi kimi beynəlxalq hüquqa zidd arqumentlər quraşdırırdılar. Ancaq Azərbaycanın qətiyyətli, ağıllı və səriştəli mövqeyi bu problemi ABŞ-nin zəmanəti və himayəsi ilə kökündən həll etdi. Bu, mühüm diplomatik qələbədir.
Azərbaycanın suverenliyinin bərpası heç şübhəsiz ki, Azərbaycanın daxili işi idi. Əlbəttə ki, Azərbaycanın öz suverenliyini bərpa etməsini həzm etməyən qüvvələr də vardı. Çünki Qarabağ kartından istifadə edərək ölkəmizə təzyiq göstərdilər. Qarabağ Azərbaycanın başının üstündə asılan Domokl qılıncı idi. Lakin ardıcıl, qətiyyətli siyasət və əlbəttə ki, heç 24 saat çəkməyən uğurlu hərbi əməliyyat nəticəsində Azərbaycanın suverenliyi mümkün olmuşdu.
Zəngəzur məsələsi isə çoxməchullu tənlik idi. Bu, əlbəttə ki, başa düşüləndir. Çünki bu dəhlizin böyük geopolitik əhəmiyyəti var. Söhbət təkcə dəhliz vasitəsilə Naxçıvana maneəsiz gediş-gəlişin təmin edilməsindən getmir. Xüsusilə, cənub qonşumuz dəhlizin əleyhinə çıxırdı. Ancaq İran prezidentinin bəyan etdiyi kimi, dəhlizdə İranın maraqları da nəzərə alındı. Ermənistan İran üçün geopolitik mövqeyi etibarilə həyati əhəmiyyət daşıyır. İranın Avropa bazarına çıxışı məhz Ermənistan vasitəsilə mümkündür. Ancaq Azərbaycan öz parlaq diplomatiyası ilə cəmi 2 ay əvvəl müharibə aparan ABŞ və İranı ortaq məxrəcə gətirməyi bacardı. Azərbaycan göstərdi ki, eyni zamanda, həm ABŞ, həm İran, eləcə də, həm İsrail, həm də İran arasında xoş münasibətlər qurmaq mümkündür.
Vaşinqtonda qəbul edilən qərarlar, imzalanan sənədlər isə qısamüddətli, tələsik deyil, uzunmüddətli və dayanıqlı sülhün açarıdır Çünki Azərbaycan bu məsələdə bütün tərəflərin mənafeyini nəzərə alaraq həssas tarazlıqları yarada və möhkəmləndirə bilib. Regionun və qlobal dünyanın oyunçuları aydın şəkildə başa düşüblər ki, Azərbaycan birmənalı, qətiyyətli və prinsipial siyasət aparır. Digər tərəfdən isə, bütün dünya görür ki, Azərbaycan bütün beynəlxalq sənədlər işğal faktını təsdiqləsə də, Qarabağ məsələsində bu beynəlxalq sənədlər, mövqelər heç bir əhəmiyyət daşımadı. Azərbaycan beynəlxalq hüququ ordusunun gücünə əldə etdi. Ancaq bununla belə, Azərbaycan BMT nizamnaməsi başda olmaqla bütün beynəlxalq öhədliklərinə əməl edir və onların işləkliyi üçün əlindən gələni edir. Halbuki bu gün beynəlxalq siyasətdə güc faktoru çox mühüm əhəmiyyət daşıyır. Azərbaycan da problemi güc yolu ilə həll etməyi istisna edərək qonşularla dayanıqlı və güclü sülh əldə etməyin yollarını araşdırır. Bu, Azərbaycana böyük nüfuz gətirən bir mövqedir.
Hər şey Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gərgin əməyinin, parlaq zəkasının və qətiyyətinin nəticəsidir. Məhz onun siyasəti nəticəsində Azərbaycan ikiəsrlik uğursuz tarixinin çarxlarını geriyə doğru çevirməyi bacarmış, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmişdi. Tarix bütün bu uğurları Prezidentin adına yazacaq.