Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Deputat: "BTQ bütün dünyanın Fransa haqqında bilməli olduğu iyrənclikləri üzə çıxarır"
Fransanın Dənizaşırı məsələlər üzrə naziri Manuel Vals Bakı Təşəbbüs Qrupunu tanımadığını bildirir. Bununla belə, tanımadığı quruma cavab verməyə də məcbur olur. Əlbəttə ki, onlar BTQ-in fəaliyyəti ilə yaxından tanışdırlar, qurumun hər addımını izləyirlər və bu fəaliyyət onları təşvişə salır. Çünki BTQ bütün dünyanın Fransa haqqında bilməli olduğu iyrənclikləri üzə çıxarır.
Oxu.Az "Trend"ə istinadən xəbər verir ki, bunu deputat Pərvanə Vəliyeva deyib.
"Özünü demokratiyanın vətəni adlandıran Fransanın özündən on min kilometrlərlə uzaqda yaşayan digər xalqların torpaqlarını 21-ci əsrdə belə müstəmləkə altında saxlamaqda davam etməsi, onlara öz müqəddəratını təyinetmə hüququnu tanımaması barədə artıq dünya ictimaiyyəti davamlı olaraq BTQ vasitəsilə, onun həyata keçirdiyi beynəlxalq tədbirlərlə məlumatlandırılır. Buna görə də, imperiya təfəkkürlü bütün rəsmilər narahatlıq keçirirlər", - deyə o qeyd edib.
Deputatın sözlərinə görə, Fransanın müstəmləkələrində azadlıq hərəkatlarının, siyasi fəalların müqavimətinin səbəbkarı BTQ deyil, rəsmi Paris və onun həyata keçirdiyi sərt kolonial siyasətdir:
"BTQ-nin fəaliyyəti isə beynəlxalq hüquq çərçivəsindədir. Bu ərazilərin Fransaya tarixən heç bir aidiyyəti olmayıb və onlar işğal edilərək özünküləşdirilməyə çalışılıb. 17-ci əsrdə qul ticarətinin genişlənməsi ilə 1635-ci ildə Martinik və Qvadelupun Fransa müstəmləkəsinə çevrilməsindən başlayaraq, 1883-cü ildə Vyetnamın Fransa tərəfindən işğal edilməsinədək. Fransız tacirlər bu ərazilərdə yaşayan insanları qul kimi işlədir, satır, alır, ucuz işçi kimi faydalanırdılar. Torpaqların təbii və mədəni sərvətlərini də daşıyıb Parisə aparırdılar. Xalqların dillərini, mədəniyyətlərini, dinlərini, irqlərini dəyişmək, fransızlaşdırmaq üçün əllərindən gələni edirdilər.
1946-cı ildə BMT Baş Assambleyası özünüidarəetmə hüququ verilməyən 74 ərazini siyahıya aldı. Bu ərazilər arasında Fransız Qvianası, Martinik və Yeni Kaledoniya kimi Fransanın zəbt etdiyi torpaqlar da var idi. 1947-ci ildə isə Fransa bu ərazilər haqqında BMT-yə hesabat verməyi dayandırdı və onları təşkilatın nəzarətindən çıxardı. Bu, BMT-nin özünüidarəetmə üzrə standartları tam formalaşdırmasından əvvəl baş verdi. Standartlar isə yalnız 1960-cı ildə Dekolonizasiya Bəyannaməsi ilə müəyyən edildi.
Fransa 1947-ci ildə bir il əvvəl qəbul edilmiş Dördüncü Respublikanın Konstitusiyasını əsas gətirərək, müstəmləkələrini birtərəfli qaydada BMT siyahısından çıxarmışdı. Bu addım beynəlxalq hüququn normalarını pozdu və Fransaya bağlı ərazilərin tam və hərtərəfli dekolonizasiyasına mane oldu.
1953-cü ildə BMT qərara aldı ki, bir ərazinin Tam Özünüidarəetmə Səviyyəsinə çatıb-çatmadığına nəzarət edən dövlətlər deyil, məhz BMT olmalıdır. Fransanın 1947-ci ildə öz ərazilərini BMT nəzarətindən çıxarması kolonial düşüncə tərzi və irqi ayrı-seçkilik yeritməklə əlaqəli idi.
BMT-nin siyahıdan çıxarılan əraziləri yenidən siyahıya qaytarması təxminən 40 il çəkdi. Kanaki (Yeni Kaledoniya) və Maohi Nui (Fransız Polineziyası) müvafiq olaraq 1986 və 2013-cü illərdə yenidən BMT-nin qeyri-muxtar ərazilər siyahısına qaytarıldı. Digər Fransa əraziləri, məsələn, Vallis və Futuna, Qvadelup və Martinik isə hələ də "asılılıq vəziyyətində olan periferiyalar" olaraq qalır".
Millət vəkili əlavə edib ki, BTQ beynəlxalq QHT olaraq həmin ərazilərin dekolonizasiyası üçün Fransa hökuməti ilə Kanaki arasında vasitəçilik edə bilər:
"Bununla bağlı BTQ Fransanın Dənizaşırı ərazilər nazirinə məktub da ünvanlayıb.
QHT-lər vətəndaş cəmiyyəti diplomatiyası çərçivəsində vasitəçi və ya təşviqatçı rolunu oynaya bilərlər.
Məsələn, İtaliyada fəaliyyət göstərən Sant Egidio Cəmiyyəti (katolik QHT) 1992-ci ildə Mozambikdə vətəndaş müharibəsini bitirən sülh danışıqlarında vasitəçilik etmişdi. Bu, bir QHT-nin münaqişə tərəfləri arasında uğurla vasitəçi olduğuna nümunədir.
İnanırıq ki, BTQ də bu məsələdə uğurlu vasitəçi ola bilər".
"Pərvanə Vəliyeva" teqi üzrə xəbərlər
- Deputat: "Azərbaycan beynəlxalq nizamda mühüm oyunçulardan birinə çevrilir"
- Xətai rayonunda şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil olunub
- Deputat: "Fransa Reyunyondakı yerli mədəniyyəti və adət-ənənələri sistematik şəkildə sıxışdırıb"
- Pərvanə Vəliyeva Sen-Martenin müstəqilliyinə dair: "Həyatlarını formalaşdırmaq hüququna layiqdirlər"
- Albaniya Parlamentinin sədri Azərbaycana səfərə gəlib