"Əfqanıstan İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində regional əməkdaşlığın qurulmasında maraqlıdır".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Əfqanıstanın baş nazirinin müavini Əbdül Qəni Baradar ECO-nun 17-ci Zirvə görüşündə bildirib.
"Əfqanıstanı və xalqımızı konfransda təmsil etməkdən məmnunam. Bizə yaradılmış şəraitə və qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Bu Zirvə görüşü inkişafa yol açan tədbirdir", - deyə o qeyd edib.
Onun sözlərinə görə, Əfqanıstan dərin və uzunmüddətli tərəfdaşlıqda maraqlıdır:
"Bu istiqamətdə dövlət olaraq bütün lazımi tədbirləri görməyə hazırıq. Əfqanıstan hazırda müstəqillik və sabitlik dövrünü yaşayır. O, misligörünməmiş irəliləyiş əldə edib. Bu gün ölkəmiz inkişaf üçün yeni imkanlara malikdir. Biz ECO çərçivəsində regional əməkdaşlığın qurulmasında maraqlıyıq".