Yaponiyanın Osaka şəhərində "Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıraq" (Designing the Future Society for Our Lives) mövzusunda "Osaka, Kansai Ekspo 2025" dünya sərgisi işinə başlayıb.
Oxu.Az xəbər verir ki, "Ekspo 2025"in rəsmi açılışında Yaponiya İmperatoru Naruhito, bu ölkənin Baş naziri Siqeru İsiba, Beynəlxalq Sərgilər Bürosunun baş katibi Dmitriy Kerkentzes, dünya sərgisində təmsil olunan ölkələrdən yüksəksəviyyəli qonaqlar iştirak ediblər.
Tədbir çərçivəsində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyonun da açılışı olub.
Açılışda Azərbaycanın "Ekspo 2025" üzrə baş komissarı, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, "Ekspo 2025"in Azərbaycan üzrə ölkə meneceri Şimzi İzumi, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və digər qonaqlar iştirak ediblər.
Qeyd edək ki, 155 hektardan çox ərazini əhatə edən "Ekspo 2025"də ümumilikdə 165 ölkə və 7 beynəlxalq təşkilat təmsil olunur. Oktyabrın 13-dək müddətdə "Ekspo 2025"ə 28 milyon ziyarətçinin gəlişi gözlənilir.