Rüstəm Qaraxanlı yazır...
İsrail-İran hərbi münaqişəsi necə qəfil başlamışdısa, elə də başa çatdı. Günlərdir "asıb-kəsən" ABŞ-nin strateji bombardmançıları okeanın o tayından uçaraq gəlib İranın nüvə obyektlərinə öz bombalarını atıb getdilər. Bütün bunları canlı yayımda izləyən Donald Tramp Amerikanın silah istehsalçılarına, hərbçilərinə və Tanrıya təşəkkür edib müharibənin bitdiyini elan etdi: "Həm İsrail, həm də İran yorulublar və mənə xəbər göndəriblər ki, müharibəni dayandırmaq istəyirlər". Kifayətdir, pərdələri endirin, tamaşa başa çatdı!
Trampın müharibəyə son qoyması, özü də bunu Rusiya Prezidenti Vladimir Putinlə telefon danışıqlarından, İranın xarici işlər naziri Abbas Əraqçının Kremlə səfərindən sonra etməsi lap məşhur lətifədəki səhnəni xatırladır. Bir gün ər-arvad evdə oturub rahat nahar edirlər. Hərəsinin birinci nikahdan bir, ümumi izdivacdan da bir uşağı var. Bir də görürlər, səs-küy gəlir. Qadın gedib qayıdır ki, kişi, sənin və mənim uşaqlarım birləşib, bizim uşağı döyürlər. "Sənin və mənim uşaqlarım" kimdir, məlumdur. "Bizim uşaq" isə bizik, əziz oxucular. İki həftədir, əlimizdə popkorn zillənmişik televiziya və smartfon ekranlarına, sonu da belə: elə bu?!
Hər şey gözlənilməz olduğu qədər, həm də maraqlı başlamışdı. Günlər keçdikcə təzyiq artır, bəyanatlar sərtləşir, dağıntı halları çoxalır, hədə-qorxular isə tündləşirdi. İran 1979-cu ildən bəri dediyi kimi, İsrail dövlətini yer üzündən siləcəyini bildirir, qarşı tərəf isə Tehrandakı rejimin dəyişilməsinin və hətta onun ali rəhbərliyinin fiziki olaraq aradan götürülməsinin mümkünlüyünə işarə edirdi. Nəticədə İranın kortəbii "tolamazladığı" raketlər hara gəldi düşür, İsrailin isə zərgər dəqiqliyi ilə rəqibin yüksəkrütbəli və vəzifəli hərbçi və məmurlarını aradan götürməklə başladığı əməliyyatlar cazibədarlığını itirirdi. Nə İran İsraili yer üzündən sildi, nə də Təl-Əviv düşməninin siyasi rejimini dəyişməyə nail oldu. Sanki Benyamin Netanyahu amerikalı həmkarına zəng vurub, "İmkan varsa, o bombalardan atıb nüvə bunkerlərində üç-dörd dəlik aç, bu işi qurtaraq" deməsi ilə başa çatdı.
İndi qarşıdurmanın ən gülməli partiyasına start verilir. İsrail qarşısına qoyduğu bütün hədəflərə nail olduğunu bəyan edir, İranın küçələrində isə əllərində bayraqlar meydanlara toplaşan sıravi camaat "böyük və kiçik şeytanlar" - ABŞ ilə İsrail üzərində qələbənin sevincini yaşayırlar. Halbuki cəmi bir sutka öncə şəhərləri milyonlarla tərk edib, hərbi aviasiyanın orasından girib, burasından çıxdığı bölgədən qaçmamışdılar. İsrail hədəflərə necə nail olub ki, rejim yaşayır və nüvə zənginləşdirməsini davam etdirəcəyini deyir? Öz növbəsində, bu necə qələbədir ki, bütün hərbi infrastrukturun sıradan çıxıb, düşmən qırıcıları səmanı arxa bağçasına çevirib, illərdir yetişdirdiyin hərbçilərin və xüsusi xidmət orqanlarının elitası öldürülüb?
Bunu, təbii ki, çox məhdud dairə şəxslər bilirlər, ancaq belə görünür ki, münaqişənin son səhnəsi hamı tərəfindən razılaşdırılmışdı: İran əvvəlcədən nüvə reaktorlarını obyektlərdən uzaqlaşdırıb gizlədib, sonra deyib ki, gəl bombalarını at, bitirək. Qətərdəki bazasından bütün infrastrukturunu və heyətini bir həftə əvvəl çıxaran ABŞ isə "di gəl, sən də azarını öldür, gedək işimizin arxasınca" deyib, həyəcana son qoyublar. Yazıq arada qorxu içində ora-bura qaçan Qətər əhalisi...
Əslində, problemin belə bitəcəyinin işarələri görünürdü. Trampın Putinlə məsləhətləşmələri, sonuncunun Sankt-Peterburqdakı iqtisadi forumda çıxışı zamanı İranın nüvə sənayesinə malik olmağa haqqının çatmasını bildirməsi ikihəftəlik macəranın, belə demək mümkündürsə, yumoristik notlarla bitəcəyindən xəbər verirdi. ABŞ İrana bomba atdı, amma nüvə arsenalı sıradan çıxmadı. İran isə ABŞ hərbi bazasını raket atəşinə tutdu, bir nəfərin belə burnu qanamadı, çünki orada heç kim və heç nə qalmamışdı. Üstəlik, ertəsi gün məlum oldu ki, Tehran raket atacağı barədə Vaşinqtonu əvvəlcədən xəbərdar edib. Lap Üzeyir bəyin qəhrəmanları kimi: "Ey, kimsən orada, aç qapını! Aç qapını, gələk, səni öldürək!"
Bütün bunlardan sonra baş verənlər artıq təfərrüatdır. Trampın raket atmadan əvvəl onu xəbərdar edən İrana təşəkkürü də, İsrailin "daha sizsiniz də, bitir deyirsiniz, bitirirəm" deməsi də, İranın "biz başlamamışdıq ki, biz də dayanaq, ancaq olsun, dayanırıq" bəyanatı ilə döyüşkən simasını qorumağa çalışması da. Babil dövründən Kirlə Misirdən qaçıb ona sığınan yəhudilərin arasında olan və əsrlərlə toplanıb çoxalan kin-küdurətin hansısa yolla çıxması lazım idi, bütün dünya da məhz buna şahidlik etdi.
2020-ci ildən bu yana, Azərbaycanın 44 günlük müharibədəki parlaq qələbəsindən sonra dünyada bir neçə hərbi fazaya keçmiş münaqişə baş verib. Rusiya-Ukrayna və İsrail-İran qarşıdurması bunların ən şiddətlisidir. Onlardan fərqli olaraq, biz qısa zamanda, konkret müəyyən edilmiş hədəflərə nail ola bilmişik - əvvəl hərb meydanında, sonra diplomatiya masasında. Azərbaycan digərlərindən fərqli olaraq, göstərib ki, müharibəyə girmədən öncə dəqiq hədəfin, mümkün ssenarilərə dair ehtiyat variantların, kampaniyanın nə ilə bitəcəyi barədə aydın təsəvvürün yoxdursa, başlamasan, yaxşıdır. Qərb Ukrayna cəbhəsinə milyardlarla vəsait axıdıb, hər iki tərəfdən yüzminlərlə insan həlak olub, ancaq müharibənin nə Kiyev, nə də Moskva üçün ucu-bucağı görünür. İsrail-İran qarşıdurmasında da eynilə.
İndi hərbi institutları və ekspertləri 44 günlük müharibənin ayrı-ayrı epizodlarını analiz edən dövlətlərin siyasət adamları da bu məsələnin üzərində baş sındırmalıdırlar: əvvəldən sonu bilinməyən qarşıdurmaya getmək lazımdırmı? Yoxsa bir gözün dünya bazarlarındakı neft qiymətlərində qalacaq?
