Dubay hava limanının tranzit zonasında İsveçdən Efiopiyaya səfər edən xarici işlər naziri Elmar Məmmədyarovla rastlaşdıq. Fürsəti fövtə vermədən, nazirə ayaqüstü bir-iki sual verdik. Nazir yorğun olsa da, suallarımızı cavabsız qoymadı.
Oxu.Az Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla müsahibəni təqdim edir:
– İsveçdən rəsmi səfərdən gəlirsiniz. Səfər barədə təəssüratlarınızı öyrənmək istərdik...
– Bildiyiniz kimi, İsveç Avropa İttifaqının və ATƏT-in Minsk Qrupunun üzv ölkələrindən biridir. Şərq Tərəfdaşlığı ölkələrinin Brüssel zirvə görüşü öncəsi üzv ölkələrlə müzakirə və məsləhətləşmələrin aparılması faydalıdır.
İsveç də daxil olmaqla, Minsk qrupunun bütün üzvləri beynəlxalq hüququn norma və prinsiplərinin aliliyini, Helsinki Yekun Aktını və BMT Təhlükəsizlik Şurasının qətnamələrini əsas tutaraq münaqişənin ədalətli həllinə və öz doğma torpaqlarından didərgin düşmüş azərbaycanlı məcburi köçkün və qaçqınların kobud şəkildə pozulmuş hüquqlarının bərpasına, o cümlədən onların öz yurdlarına qayıtmasının təmin olunmasına dəstək və töhfə verməlidir.
– İsveç insan hüquqlarının müdafiəsini özünün xarici siyasətinin təməl prinsiplərindən biri kimi müəyyənləşdirib. Ancaq Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində, azərbaycanlı məcburi köçkün və qaçqınların hüquqlarının müdafiəsi baxımından hər hansı fəaliyyəti nəzərə çarpmır...
– Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində həmvətənlərimiz doğma torpaqlarında etnik təmizləməyə məruz qalıb. Bir milyondan artıq qaçqın və məcburi köçkünün hüquqları pozulub. Görüşdə həmvətənlərimizin Ümumdünya insan hüquqları konvensiyasında nəzərdə tutulmuş yaşamaq hüququndan məhrum edilməsi məsələsi bir daha İsveç tərəfinin diqqətinə çatdırıldı.
Təəssüflə qeyd etməliyəm ki, özünü insan hüquqlarının carçısı kimi təqdim edən İsveçin bu münaqişəyə yanaşmasında ikili standartlar mövcuddur.
İsveç bir milyondan artıq insanın hüquqlarının kobud və kütləvi şəkildə pozulmasına münasibətdə susqunluq nümayiş etdirir.
İsveç özünü hər hansı fərdi halın müdafiəçisi kimi təqdim edir və məsələyə seçimli yanaşır. Bu da iddia etdiyi insan hüquqlarının müdafiəçisi statusu ilə bir araya sığmır. Avropa İnsan hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qərarını İsveç tərəfinə bir daha xatırlatdım.
İsveç qadınların bərabərliyi, hüquqlarının müdafiəsi məsələlərini xarici siyasətində prioritet kimi müəyyən edib.
Azərbaycan qadın hüquqlarının müdafiəsi və qadınların cəmiyyətdə rolunun artırılması məsələlərində nümunəvi dövlətdir. Azərbaycan Demokratik Cümhuriyyəti 1918-ci ildə qadınlara seçki hüququ verib, yəni Avropa ölkələrindən, o cümlədən İsveçdən onilliklər öncə.
İsveç qadın hüquqlarına əhəmiyyət verirsə, onda azərbaycanlı qaçqın və məcburi köçkün qadın və qızların, bu ilin iyulun 4-də təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirilmiş 2 yaşlı Zəhra və onun nənəsinin hüquqları məsələsinə də lazımi diqqət ayırmalıdır.
– Efiopiya səfəriniz barədə fikirləriniz maraqlıdır...
– Mətbuatı, XİN-nin saytını və sosial şəbəkə profillərini izləyin, ətraflı məlumat veriləcək. Efiopiya tərəfi və Afrika İttifaqı rəsmiləri ilə məhsuldar və çoxsaylı görüşlərimiz nəzərdə tutulub.
– Uzun təyyarə uçuşları sizi yormur?
– İşimizdir.
Seymur Teymurov
www.oxu.az