Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ermənistan müxalifəti Paşinyana qarşı sui-qəsd hazırlayır?
Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanın 2026-cı ildə keçiriləcək seçkidə iştirakının qarşısını almaq niyyətindədir. "Vətən naminə Tavuş" hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan bu istiqamətdə addımlarını intensivləşdirəcəklərini və ona bu imkanı verməyəcəklərini deyib. Bu isə müxalifətin Paşinyana qarşı sui-qəsd cəhdlərini də istisna etmir.
Politoloq Samir Hümbətov Oxu.Az-a açıqlamasında bildirib ki, Nikol Paşinyan 2018-ci ildə Rusiyanın əsas fiqurunu - "Qarabağ klanı"nı hakimiyyətdən devirəndən sonra Rusiya və ona bağlı güclər Ermənistan baş nazirinə qarşı kampaniya aparmağa başlayıblar:
"Hətta İkinci Qarabağ müharibəsi Paşinyanı devirmək üçün onlara yeni fürsət vermişdi.
Əvvəlcə Ermənistanın keçmiş Baş Qərargah rəisi Onik Qasparyan Paşinyana qarşı çıxdı, amma məqsədinə çatmadı. Sonra müxtəlif yollara əl atdılar, aksiyalara başladılar, lakin son parlament seçkisində Paşinyanın yerini daha da möhkəmləndirməsindən sonra bu dəfə ortaya keşiş Baqrat Qalstanyan çıxdı. Qalstanyan kilsənin nümayəndəsi olsa da, dolayısı ilə Rusiyanın diktəsi altındadır. Düşünürəm ki, əvvəlki kimi "Qarabağ klanı" necə ki, parlamenti gülləbaran edib hakimiyyətə gəlmişdi, indi də bu ssenarini həyata keçirmək istəyə bilər, baxmayaraq ki, Ermənistandakı vəziyyət də artıq ovaxtkı deyil".
"Sui-qəsd cəhdi həmişə ermənilərin planlarında var. Çünki sui-qəsd, terror kimi mənfur əməllər onlarda ən aktiv və hər zaman işlək olan məsələlərdən sayılır. Ona görə də Paşinyanı bu və ya digər formada devirməyə cəhd ola bilər, amma Paşinyan buna şərait yaradacaq, yoxsa yox, bu, özü sual altındadır. Çünki Qərb dairələrinin Paşinyanı özbaşına buraxıb Qalstanyanın onu devirməsinə şərait yaratması inandırıcı deyil. Düzdür, çağırış olacaq, Baqrat dini icma rəhbəri olduğu üçün onun çağırışına yenə də səs verənlər tapılacaq, amma bu, Paşinyanı devirmək üçün yetərli olmayacaq. Paşinyan yenə də seçkiyə getsə, qalib gəlmək şansı çoxdur, ona görə də hər vasitədən istifadə edirlər ki, onun qarşısını alsınlar. Amma Paşinyan artıq ətrafında sabit elektrod formalaşdırıb. Üstəlik, xaricdən dəstəyi var və ən əsası iqtisadi elitanı əlində cəmləşdirməyə başlayıb, ordu daxilində də kifayət qədər nüfuz formalaşdırmağa çalışır. Ona görə də mümkün cəhdlər Paşinyanı devirəcək dərəcədə güclü olmayacaq", - deyə şərhçi əlavə edib.
Mövzu ilə bağlı Oxu.Az-a danışan siyasi şərhçi Zeynal Əmrəliyev isə hesab edir ki, Ermənistanda əvvəldən bir çox mafioz qrup fəaliyyət göstərir ki, kilsə onların əsas himayədarıdır:
"Baqrat Qalstanyan keşiş kimi bu qruplarla əlaqə qura bilib. Onun Paşinyanı seçkiyə buraxmaq istəməməsi bir çox məsələ ilə bağlıdır. İlk növbədə Paşinyanın nüfuzu hazırda müxalifətə nisbətən yüksəkdir. Onun seçkidə qalib gəlməsi yeni müxalifət hərəkatı yaratmağa çalışan Qalstanyana ciddi şəkildə mənfi təsir göstərə bilər. İkinci məqam isə Nikol Paşinyanın seçkidə qalib gəldikdən sonra müxalifətə, konkret olaraq hazırda ən böyük baş ağrısına çevrilmiş Baqrat Qalstyana ciddi problem yaradacağıdır. Keşişin qorxduğu keçmiş prezident Robert Koçaryanın aqibətini yaşamaqdır. Paşinyan ilk seçkisində qalib gəldikdən dərhal sonra Koçaryanı həbsə göndərmişdi. İndi Qalstanyan da eyni aqibətlə üzləşə bilər. Buna görə də müxalif keşiş baş nazirin qarşısını kəsmək üçün səy göstərir".
"Burada əsas məsələ təbii ki, mitinqlər vasitəsi ilə Paşinyanı iqtidardan devirmək cəhdi olacaq. Baqrat bu zaman ordudan da dəstək gözləyə bilər. Çünki orduda hələ də keçmiş prezidentlər - Robert Koçaryan və Serj Sarqsyana bağlı zabitlər var. Hansı ki, onlar Paşinyana qarşı müxalif mövqedədirlər. Digər məsələ hüquqi əngəllərin yaradılmasıdır ki, bu, bir qədər çətin məsələdir. Çünki Ermənistanda məhkəmə hakimiyyəti faktiki olaraq hökumətdən asılı haldadır. Hakimlərdən baş naziri mühakimə edəcək cəsarəti gözləmək əbəsdir. Qalır üçüncü variant, bu da Nikol Paşinyanın həyatına qəsd etməkdir. Görünür ki, elə ən çox ehtimal edilən budur. Ancaq bu şəkildə cəhd Baqrat Qalstanyan və dəstəsinə çox baha başa gələ bilər. İstənilən halda 2025-ci ildə də Ermənistan siyasi həyatından gərginliklər gözləyə bilərik", - deyə analitik fikrini yekunlaşdırıb.
Mərahim Nəsib
"Ermənistan" teqi üzrə xəbərlər
- İrəvan-Tehran reysi Təbriz hava limanında məcburi eniş edib
- Prezidentdən dünyaya mesaj: Azərbaycan 21 ildir inamla, uğurla, ləyaqətlə inkişaf edir
- Rusiya sərhədçiləri Ermənistan-İran sərhədini tərk ediblər
- Ermənistanın keçmiş müdafiə naziri Moskvada saxlanılıb
- İrəvan Ermənistanın Rusiyaya olan borcunun bir hissəsinin silinməsini müzakirə edir