Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ermənistan Rusiyanı aldatdı - "Moskva iqtisadi sanksiyalara əl atacaq"
Nikol Paşinyanın Qərbin diqtəsi ilə Rusiyanın ayağını Ermənistandan kəsmək istiqamətində praktiki addımlarından biri avqustun 1-də Rusiya hərbçilərini "Zvartnots" hava limanından çıxarması oldu. Düzdür, başda Paşinyan olmaqla erməni siyasi elitası bunu onunla əlaqələndirdilər ki, Ermənistan müstəqil dövlətdir və onun ərazisində hər hansı bir əcnəbi ölkənin hərbçiləri, sərhədçiləri yerləşə bilməz. Lakin məsələ burasındadır ki, Rusiya sərhədçiləri "Zvarnots"dan çıxar-çıxmaz ABŞ-nin iki hərbi təyyarəsi sözügedən hava limanına silah və şəxsi heyət çatdırıb, Ermənistanı snayper tüfəngləri, gecəgörmə cihazları, rabitə vasitələri, zirehlər, mini-dron və minalarla təmin edib. Bundan əlavə, ABŞ Ermənistanın İranla sərhədində yerləşən uyğunlaşdırılmış silah və sursatlar, eləcə də İranın raket trayektoriyalarını izləmək üçün qurğular göndərib. Qurğuları erməni hərbi qulluqçuları kimi geyinmiş erməniəsilli ABŞ hərbi qulluqçuları idarə edəcəklər.
Maraqlıdır, Ermənistan həqiqətən də Rusiya hərbçilərini ölkədən müstəqil dövlət kimi görünmək üçün çıxarmışdısa, rusları Amerika Birləşmiş Ştatlarının (ABŞ) hərbi qulluqçuları ilə niyə əvəzləyib?
Mövzunu Oxu.Az-a siyasi ekspert Zaur İbrahimli şərh edib:
- Ermənistanın Rusiyanın təhlükəsizlik çətirindən imtina edərək faktiki olaraq özünə ABŞ-nin timsalında və Avropanın dəstəyi ilə yeni təhlükəsizlik çətiri formalaşdırmaq cəhdləri aşkar şəkildə görünür. Təəssüf ki, Ermənistan yenidən xarici təsirin ötürücüsü rolunda çıxış edir. Azərbaycanın bütün səylərinə baxmayaraq, Ermənistan yenidən regionla bağlı qərarları xarici təsirdən asılı vəziyyətə salır, bununla da həm də kifayət qədər uğurla formalaşdırılan ikitərəfli danışıqlar formatını pozur. Eyni zamanda, üzərinə götürdükləri sülh öhdəliklərindən də imtina edirlər. Çünki Ermənistanın sülh danışıqlarındakı öhdəliklərindən biri də məhz militarist siyasətdən və xarici hərbi təsirin ötürücü subyekti olmaqdan əl çəkmək idi. Bir ölkə digər ölkələrin hərbi kontingentini öz ərazisinə yerləşdirirsə və bilavasitə həmin ölkələrin hərbi dəstəyindən yararlanırsa, paralel olaraq da sülh gündəliyinə sadiq qaldığını bəyan edirsə, burada çox ciddi ziddiyyət yaranır. Ermənistan faktiki olaraq otuz illik siyasəti yeni formatda həyata keçirir. Həmin dövrdə Rusiyanın aktiv dəstəyi ilə Azərbaycan torpaqlarını işğal altında saxlayırdı. İndi isə Qərbin aktiv dəstəyi ilə Ermənistan sülh öhdəliklərindən yayınır. Bütün bunlar Paşinyanın indiyə qədər irəli sürdüyü bəyanatlara və tezislərə ziddir.
- Paşinyan bəyan edirdi ki, Ermənistanın ərazi bütövlüyünün təmin olunması ilk növbədə Azərbaycanla qonşuluq siyasətinin qurulmasından keçir və ermənilər öz keçmiş tarixi səhvlərindən imtina etməli, yeni hədəflər ortaya qoymalıdırlar. Amma ermənilər, əslində Avropanın hərbi dəstəyi ilə yeni xəyallar qururlar. Bu, sözlə əməlin ziddiyyəti, Ermənistanın ikibaşlı hiyləgər siyasətindən xəbər vermirmi?
- Onlar hesab edirlər ki, bu dəstəkdən istifadə edərək Azərbaycan üzərində təzyiq formalaşdıra bilərlər. Yaxud da, Azərbaycanla güc mövqeyi ilə danışa bilərlər. Onlar 30 illik Rusiya təcrübəsini fərqli formada ABŞ və Avropa ilə münasibətlərdə təkrarlamaq istəyirlər. Yəni, 30 il Rusiyanın forpostu olmuş Ermənistanı indi də Qərbin forpostu etmək istəyirlər. Əlbəttə, burada Qərb ölkələri bəyan edirlər ki, onlar Ermənistanın Qərbə inteqrasiyasını istəyirlər. Bir növ, Ermənistanı Rusiyanın təsirindən çıxarmaq istəyirlər. Lakin bu zaman Azərbaycanla olan münasibətləri də gözardı edirlər. Halbuki Ermənistanın qarşısında duran əsas vəzifə Azərbaycanla olan normallaşma prosesini yekunlaşdırmaqdır. İndiki halda isə Qərbdən aktiv dəstək almaq istəyi bu siyasətə ziddir. Çünki Azərbaycanla qonşuluq siyasətinə üstünlük verilsəydi, bu danışıqlar yekunlaşardı və bunun ardından yeni münasibətlər sistemini yaratmaq mümkün olardı.
-Ermənistanın bu cür silahlandırılması Cənubi Qafqazda vəziyyəti nə qədər gərginləşdirə bilər?
-Bu, təhlükəsizlik risklərinin artmasına səbəb olacaq. Çox təəssüf ki, Ermənistan yaranmış tarixi fürsətdən yararlanmaq istəmir və minalanmış yol ilə hərəkət edir. Belə bir şəraitdə Azərbaycanın da hüququ var ki, sülh danışıqları siyasətinə yenidən baxsın.
- Ermənistan bu siyasəti davam edəcəksə, Azərbaycan yenə də təmkin nümayiş etdirməlidir?
- Hesab edirəm ki, Ermənistan cəmiyyəti də, hakimiyyəti də bu suallara diqqətlə qulaq asmalıdır. Azərbaycanın qələbəsi Cənubi Qafqazda ümumi sabitliyin yaranması üçün yeni reallıqlar yaratmışdı. Ermənistanın sürətlə silahlanması ona ayrıca xüsusi münasibət bəslənməsi və onun rolunun xüsusiləşdirilməsi Cənubi Qafqazda fikir ayrılıqlarının gücləndirilməsinə gətirib çıxarır və digər ölkələri də öz təsir imkanlarının artırılmasına sövq edir.
- Bəs, Rusiya Ermənistanın ona etdiyi xəyanətə nə vaxta qədər göz yumacaq?
- Bu günə qədər Rusiya Ermənistanın bu addımlarına kifayət qədər təmkinlə yanaşırdı, lakin artıq Ermənistanın bu geosiyasi şıltaqlıqları real praktik addımlar formatına keçib. Güman etmək olar ki, bundan sonra Ermənistandakı siyasi proseslərə Rusiyanın da ciddi təsiri olacaq. Hesab edirəm ki, yeni siyasi mövsümdə biz Ermənistanda daxili siyasi proseslərdə qabarmanın şahidi ola bilərik. Yəqin ki, ruslar iqtisadi sanksiyalara əl atacaqlar. Bir sözlə, düşünmürəm ki, Moskva belə asanlıqla Ermənistanın onun təsir obyektindən uzaqlaşmasına razılaşsın. Güman edirəm ki, Kreml adekvat siyasət yürütməyə başlayacaq və bu, heç də yalnız siyasi tədbirlərlə yekunlaşmayacaq.
Mərahim Nəsib
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanın ədliyyə naziri: "Yeni konstitusiyanın mətni 2026-cı il seçkisinə qədər hazır olmalıdır"
- Ermənistanda deputat öldü
- Moskvadan İrəvana uçan təyyarə məcburi eniş edib
- Ermənistan rəhbərliyinin gizlədə bilmədiyi ərazi xəyalları
- Paşinyan yenə sərsəmlədi: "Bu, Ermənistanın siyasi xəritədən silinməsi ilə nəticələnə bilər"