Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 24-də davam etdirilib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı məhkəməyə müraciət etmiş zərərçəkmiş şəxslərin ifadələri elan edilib.
Sədrlik edən Zeynal Ağayev bildirib ki, bir sıra zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə prosesində iştirak edə bilməyəcəklərini, ibtidai istintaqa ifadələrinin məhkəmə prosesində tədqiq olunmasını xahiş edib.
Zərərçəkmişlərin iclasda iştirak edə bilməməsinə və ibtidai istintaqa ifadələrinin tədqiq edilməsinə etiraz edən olmayıb.
Ardınca təqsirləndirilən Davit İşxanyan məhkəməyə müraciət edərək hüquqlarını müdafiə edən vəkili ilə konfidensial görüşmək istədiyini deyib. Bildirib ki, o, sübutlara əlavə olunması üçün məhkəməyə video təqdim etmək istəyir. Qeyd edib ki, həmin video 2020-ci ildə Tovuz hadisələrindən sonra lentə alınıb. Amma videonu məhkəməyə təqdim etməzdən əvvəl ona vəkili ilə birlikdə baxması üçün şərait yaradılmasını xahiş edib.
Hakim fasilədə bunun üçün onlara şərait yaradılacağını deyib.
Təqsirləndirilən Davit Manukyan isə vəsatət verərək Ermənistanda anadan olmuş, orada yaşamış, Masis rayonunun Sayat Nova kəndində (keçmiş Zəngibasar rayonunun Aşağı Necili kəndi - red.) əlvan metallar bazasında işləmiş, sonralar isə oradan didərgin salınmış Knyaz adlı azərbaycanlının məhkəməyə şahid qismində dəvət olunmasını xahiş edib. Bildirib ki, həmin şəxsin soyadını və onunla bağlı digər məlumatları xatırlamır.
Vəsatətə münasibət bildirən baş prokurorun böyük köməkçisi Vüsal Əliyev deyib ki, müdafiə tərəfi həmin şəxsin məhkəməyə hansı səbəbdən dəvət olunmasını və dindirilməsinin konkret məqsədini, habelə onun şəxsiyyətini təsdiq edən, eləcə də şəxsiyyətini müəyyən etmək üçün zəruri məlumatları bildirməyib. Bundan başqa, dindirilməsi xahiş olunan şəxsin yaşadığı yer, soyadı da məlum deyil. Belə olan halda vəsatətin təmin edilməsi qeyri-mümkündür. Hətta təmin edilərsə belə icrası mümkünsüzdür.
Məhkəmə yerində müşavirə keçirərək qərar qəbul edib. Qərara əsasən, vəsatət əsassız olduğu üçün təmin edilməyib.
Bundan sonra məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı məhkəməyə müraciət etmiş zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələri elan olunub.
Zərərçəkmiş Fikrət Cavad oğlu Vəliyevin elan olunan ifadəsinə əsasən, 1992-ci il fevralın 25-də gecə saatlarında Ermənistan hərbçiləri Xocalı şəhərində evləri yandırarkən o, evinə gedib. Orada heç kimin olmadığını görüb və Kətik meşəsi istiqamətində qaçıb. Qarqarçayın üzərindəki körpünün altında çoxlu sayda Xocalı şəhər sakinlərini, o cümlədən arvadı Ürüzə Xanlar qızı Vəliyevanı, bacısı Sürəyya Vəliyeva və bacısı oğlu Anar İslam oğlu Əhmədovu görüb. O, ailə üzvləri və təxminən 300 nəfər Xocalı sakini ilə birlikdə Kətik meşəsi istiqamətində hərəkət edib, Kətik kəndinə yaxınlaşarkən Ermənistan ordusu tərəfindən atəşə tutulmaları nəticəsində adlarını bilmədiyi bir neçə Xocalı sakini öldürülüb və yaralanıb. Bütün gecəni meşədə qaldıqları üçün Xocalı şəhər sakinlərinin əksəriyyətinin ayaqlarını don vurub, adlarını bilmədiyi bəzi şəxslər donvurmadan ölüblər. Həmin gecə bacısı və digər qohumları naməlum şəraitdə itkin düşüblər, onların yaşayıb-yaşamaması barədə heç bir məlumat yoxdur.
Dumanlı hava şəraiti ilə əlaqədar Ağdam rayonu istiqamətində gedən yolu tapa bilməyib, fevralın 27-də 230 nəfər Xocalı şəhər sakini ilə Dəhrəz kəndinin yaxınlığından keçərkən Ermənistan hərbçiləri tərəfindən atəşə tutulublar. Zəhra Sarı qızı Bağırova, Telman, Mehti və adlarını xatırlamadığı 4 nəfər burada ölüb, 3 nəfər isə yaralanıb. O və digərləri girov götürülərək həmin kənddə yerləşən tövlədə saxlanılıb və burada işgəncələrə məruz qalıblar. Həmin vaxt Ermənistan hərbçisinin girovların arasından olan uşağa təpiklə vurması nəticəsində onun başı zərblə divara dəyib. Uşağı qorumaq üçün onu yerdən götürüb qucağına alsa da, həmin hərbçi Azərbaycan dilində "sizin hamınızı öldürəcəyik" deyib. Üzərlərində olan pul vəsaitləri, qızıl-zinət əşyaları qarət edilib, soyuq fermada ac-susuz saxlanılıblar. Bundan əlavə, Ermənistan hərbçiləri girovların arasından gəncləri - Usubəli Qarayevi, Zakir, Əliyar və Elşad Usubovları, Rövşən Həsənovu, Vüqar Hüseynovu, Ülfət Əliyevi, Tofiq Zeynalovu, Elşad Həsən oğlunu, Ələddin Paşayevi, Siyavuş Halay oğlunu, Rövşən Qaçay oğlu və Şahin adlı Xocalı sakinlərini seçib çölə çıxarıblar. Sonra atəş səsləri, ardınca isə avtomobil səsi eşidilib, hazırkı vaxtadək həmin şəxslər itkin düşmüş sayılır.
Elan olunan ifadələrə əsasən, zərərçəkmiş şəxslər Rüfət Bəxtiyar oğlu Hümbətəliyev, Natiq Şahin oğlu Cavadov, Nizami Fizuli oğlu Baxşəliyev və Nadir İqor oğlu Nəbiyev ifadələrində 2022-ci il sentyabrın 13-də Kəlbəcər rayonunun ərazisində düşmənin təxribatından bəhs ediblər. Qeyd edilib ki, həmin vaxt R.Hümbətəliyev, N.Cavadov və N.Baxşəliyev düşmənin açdığı atəşlər nəticəsində, N.Nəbiyev isə düşmənin basdırdığı minanın partlaması nəticəsində yaralanıblar. Elnur Rüstəmov, Qədim Xəlilov və Ümid İmamquliyev isə həlak olublar.
Zərərçəkmiş Siyasət Akif oğlu Mustafayevin hüquqi varisi qismində tanınaraq dindirilmiş Akif Məmməd oğlu Mustafayev ifadəsində bildirib ki, övladı 2020-ci il sentyabrın 27-də Ağdərə rayonunun Talış kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin açdığı atəşlər nəticəsində həlak olub.
Digər zərərçəkmiş Rahim Şirməmməd oğlu Həbibov ifadəsində göstərib ki, o, "Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu" Məhdud Məsuliyyətli Cəmiyyətin Mühəndis-axtarış idarəsinin Mühəndis-geodeziya şöbəsinin rəisi vəzifəsində işləyib və işi ilə əlaqədar "Şuşa-Xankəndi" 110 kV-luq yüksəkgərginlikli elektrik hava xəttinin çəkilməsinin planlaşdırılması məqsədilə 2023-cü il dekabrın 7-də əraziyə baxış keçirərkən mina partlayışı baş verib və xəsarət alıb.
Alman Ənvər oğlu Abbasov ifadəsində qeyd edib ki, o, Füzuli rayonunun Qarabağ kəndində yaşayır. 2020-ci il oktyabrın 9-da Ermənistan silahlı qüvvələri tərəfindən atılan artilleriya mərmilərindən biri onun yaşadığı evin yaxınlığına düşüb. Nəticədə evi və istifadəsində olan avtomobili yararsız vəziyyətə düşüb, həmin vaxt özü, habelə Elçin Məmməd oğlu Rəfiyev, Elşən Şahmar oğlu Şirinov, Yaşar Savalan oğlu Aslanov və Tahir Telman oğlu Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Cəsarət Gülağa oğlu Həsənzadə ifadəsində göstərib ki, 2023-cü il sentyabrın 19-da Ağdərə rayonu ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılmış tankəleyhinə idarəolunan raket mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində o və yanında olan Akif Koroğluyev, Hüseyn Babayev və Amin Ələsgərov xəsarətlər alıblar, Füzuli Məmmədov isə həlak olub.
Ehtibar Təvəggül oğlu Balakişiyev ifadəsində qeyd edib ki, 2020-ci il oktyabrın 3-də Beyləqan şəhərinə 3 raket atılıb. Həmin raketlərdən birinin yol kənarına düşməsi nəticəsində xəsarət alıb.
Zərərçəkmiş Nadir Əli oğlu İbrahimov ifadəsində göstərib ki, 2020-ci il oktyabrın 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhəri, Əziz Əliyev küçəsinə atılan raket zərbəsinin təsirindən evi dağılıb. Həmin vaxt onunla birlikdə 1 yaşlı nəvəsi Emil İbrahimov və arvadı Süheyla İbrahimova ətrafda olan şəxslərin köməyilə dağıntılar altından çıxarılıblar. Hadisə nəticəsində hər üçü xəsarət alıb. Yaşadıqları ərazidə hər hansı bir hərbi təyinatlı obyekt olmayıb.
Digər zərərçəkmiş Lalə Akif qızı Həsənova ifadəsində bildirib ki, 2020-ci il oktyabrın 4-də yaşadığı Gəncə şəhəri, Nəriman Nərimanov prospektindəki evə Ermənistan silahlı qüvvələri tərəfindən atılmış raket zərbələrinin təsirindən özü və qızı Nigar xəsarətlər alıblar, oğlu İlyasın sol qolu və barmaqları sınıb. Zərbənin təsirindən evləri dağılaraq yararsız hala düşüb.
Zərərçəkmiş Fərid Füzuli oğlu Teymurovun hüquqi varisi Füzuli Əjdər oğlu Teymurov ifadəsində bildirib ki, oğlu Fərid 2020-ci il oktyabrın 7-də Suqovuşan kəndi ərazisində itkin düşüb, onun nəşi yalnız 2021-ci il yanvarın 2-də tapılıb.
Zərərçəkmiş Elmir Rəhim oğlu Kərimovun hüquqi varisi Rəhim Həkim oğlu Kərimov ifadəsində bildirib ki, oğlu 2020-ci il oktyabrın 1-də Talış-Suqovuşan istiqamətində Ermənistan silahlı qüvvələrinin atdığı minaatan mərmisinin partlaması nəticəsində həlak olub.
Zərərçəkmiş Elçin Rövşən oğlu Quliyevin hüquqi varisi Rövşən Balay oğlu Quliyev oğlunun 2020-ci il sentyabrın 29-da, zərərçəkmiş Oruc Vaqif oğlu Cəfərovun hüquqi varisi Vaqif Mahmud oğlu Cəfərov övladının 2020-ci il oktyabrın 1-də, zərərçəkmiş Baloğlan Müdəhət oğlu Nağıyevin hüquqi varisi Müdəhət Baloğlan oğlu Nağıyev övladının 2020-ci il oktyabrın 5-də, zərərçəkmiş Təbriz İlqar oğlu Cəfərovun hüquqi varisi İlqar Qərib oğlu Cəfərov ifadəsində övladının 2020-ci il oktyabrın 30-da Ermənistan silahlı qüvvələrinin Suqovuşan kəndi istiqamətində açdığı atəşlər nəticəsində həlak olduqlarını bildiriblər.
Məhkəmə iclası digər ifadələrin oxunması ilə davam etdirilib.
Məhkəmə prosesi oktyabrın 27-də davam etdiriləcək.
Oktyabrın 24-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.
Oxu.Az xəbər verir ki, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı məhkəməyə müraciət etmiş zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələri elan olunub.
Zərərçəkmiş şəxs Fikrət Cavad oğlu Vəliyevin elan olunan ifadəsinə əsasən, 1992-ci il fevralın 25-də gecə saatlarında Ermənistan hərbçiləri Xocalı şəhərində evləri yandırarkən, o, evinə gedib. Orada heç kimin olmadığını görüb və Kətik meşəsi istiqamətində qaçıb. Qarqarçayın üzərindəki körpünün altında çoxlu sayda Xocalı şəhər sakinlərini, o cümlədən arvadı Ürüzə Xanlar qızı Vəliyevanı, bacısı Sürəyya Vəliyeva və bacısı oğlu Anar İslam oğlu Əhmədovu görüb. O, ailə üzvləri və 300 nəfər Xocalı sakini ilə birlikdə Kətik meşəsi istiqamətində hərəkət edib, Kətik kəndinə yaxınlaşarkən Ermənistan hərbçiləri tərəfindən atəşə tutulmaları nəticəsində adlarını bilmədiyi bir neçə Xocalı sakini öldürülüb və yaralanıb. Həmin gün səhər meşədə bacısının qayınanası Durna Əhmədova və sonuncunun oğlu Rafiq Əhmədov və digərləri ilə rastlaşdıqda onlar Ağdam rayonunun Şelli kəndi yaxınlığında, Xocalı rayonu ərazisində yerləşən Qaraqaya adlanan yerdə olan Xocalı sakinlərinin Ermənistan hərbçiləri tərəfindən atəşə tutulmaları nəticəsində müəyyən hissəsinin öldürüldüyünü və bir hissəsinin qaça bildiyini söyləyiblər. Bütün gecəni meşədə qaldıqları üçün Xocalı şəhər sakinlərinin əksəriyyətinin ayaqlarını don vurub, adlarını bilmədiyi bəzi şəxslər donvurmadan ölüblər. Həmin gecə bacısı və digər qohumları naməlum şəraitdə itkin düşüblər, onların yaşayıb-yaşamaması barədə heç bir məlumat yoxdur.
Dumanlı hava şəraiti və bələdçilərinin olmaması ilə əlaqədar Ağdam rayonu istiqamətində gedən yolu tapa bilməyib, fevralın 27-də 230 nəfər Xocalı şəhər sakini ilə Dəhrəz kəndinin yaxınlığından keçərkən Ermənistan hərbçiləri tərəfindən atəşə tutulublar. Zəhra Sarı qızı Bağırova, Telman, Mehti və adlarını xatırlamadığı 4 nəfər burada ölüb, 3 nəfər isə yaralanıb. Onlar girov götürülərək həmin kənddə yerləşən mal tövləsinə oxşar tikilidə saxlanılıblar. Burada işgəncələrə məruz qalıblar. Ona vurulan zərbələrdən kürəyinə şal ilə bağladığı azyaşlı Anar Əhmədov yerə düşüb. Adını bilmədiyi Ermənistan hərbçisinin uşağa təpiklə vurması nəticəsində onun başı zərblə divara dəyib. Uşağı qorumaq üçün onu yerdən götürüb qucağına alsa da, həmin hərbçi Anarı əlindən alıb kürəyi üstə yerə ataraq Azərbaycan dilində "sizin hamınızı öldürəcəyik" deyib. Üstlərində olan pul vəsaitləri, qızıl-zinət əşyaları qarət edilib, soyuq fermada ac-susuz saxlanılıblar. Fermada onunla birlikdə digər qohumları da girov qismində saxlanılıblar. Həmin gün Ermənistan hərbçiləri girovların arasından gəncləri - Usubəli Qarayevi, Zakir, Əliyar və Elşad Usubovları, Rövşən Həsənovu, Vüqar Hüseynovu, Ülfət Əliyevi, Tofiq Zeynalovu, Elşad Həsən oğlunu, Ələddin Paşayevi, Siyavuş Halay oğlunu, Rövşən Qaçay oğlu və Şahin adlı Xocalı sakinlərini seçib çölə çıxarıblar. Sonra atəş səsləri və ardınca avtomobil səsi eşidilib, hazırkı vaxtadək həmin şəxslər itkin düşmüş sayılır.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.