"Çox çətin günlər yaşadıq, amma yaşadığımız bu çətinlikləri, əzabları bu gün unuduruq. Çünki bu Böyük Qayıdış bizə həyatda bu günə qədər yaşadığımız hər şeyi unutdurur. Nəhayət, 35 ildən sonra öz yurdumuza, yuvamıza qayıdırıq".
Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edən Gülxanım Yusif qızı Baxşəliyeva deyib.
O bildirib ki, köç edənlərin arasında keçmiş qonşularını da tapıb:
"Bu gün hamımız sevinirik. Bizim həyatımızda bundan gözəl gün ola bilməz. Hər şeyimizi, gəncliyimizi, doğmalarımızı, sevdiklərimizi qoyduğumuz bu torpağa 35 ildən sonra qayıdırıq. Hətta köçənlər arasında mənim 35 il bundan öncəki qonşularım da var. Hamımız bir elin, obanın adamlarıyıq. Nəhayət çətin günlər geridə qaldı, bundan sonra yalnız xoş günlər bizi gözləyir.
Allah ölkəmizi, xalqımızı müharibələrdən, pis günlərdən uzaq etsin, gənclərimiz daim xoşbəxt olsunlar.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Xatırladaq ki, bu gün Zəngilan rayonunun Məmmədbəyli kəndinə daha 30 ailə - 143 nəfər köçürülür.
Rövşən Əsədov