"Bu gün babamın, atamın bizə həmişə sevə-sevə danışdığı Xıdırlı kəndinə köçürük. Çox sevincliyik".
Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Ağdam rayonunun Xıdırlı kəndinə köç edən Orxan Zülfüqarlı deyib.
O bildirib ki, Ağdamdan çıxarkən yaşı az olsa da, ailəsi ona həmişə öz doğma yurdu haqqında məlumat verib:
"Ağdamdan çıxanda yaşım az idi. Çox da dəqiq xatırlamıram. Bu illər ərzində atam, babam mənə Ağdamla, Xıdırlı ilə bağlı xatirələrini, xoş günlərini danışıblar. Xatırlamasam da, onların mənə danışdıqları artıq məndə öz kəndimiz, yurdumuz, evimiz haqqında tam təsəvvür formalaşdırıb. Çox böyük həyəcanla oralara getməyi gözləyirdim.
Bu gün öz doğma yurdlarına qovuşanların da gözləri aydın olsun, hər birini təbrik edirəm!
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Xatırladaq ki, bu gün Ağdam rayonunun Xıdırlı kəndinə daha 50 ailə - 219 nəfər köçürülür.
Rövşən Əsədov