Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İcma: “Ermənistan Azərbaycanın suverenliyini təhdid edən ünsürlərin fəaliyyətinə qadağa qoymalıdır”
“Ermənistan hakimiyyəti öz ərazisində Azərbaycanın suverenliyini təhdid edən ünsürlərin fəaliyyətinə qadağa qoymalıdır”.
Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, Ermənistan mediasında özünü hələ də hansısa qondarma dövlətin prezidenti kimi qələmə verən Samvel Şahramanyan adlı birisinin “dövlət naziri vəzifəsinə təyinat həyata keçirməsi” barədə məlumatlar yayılıb. Bundan əlavə, keçmiş xarici işlər naziri, qatı irqçi Vardan Oskanyanın rəhbərliyi altında beynəlxalq səviyyədə iş aparılması üçün hansısa “komissiya”nın yaradıldığı bildirilir.
“Bəs Qərbi Azərbaycan İcmasının Ermənistanda Azərbaycan xalqının mədəni irsinin dağıdılmasının yolverilməzliyi ilə bağlı açıqlamalarını özünün suverenliyinə və ərazi bütövlüyünə qəsd hesab edən Ermənistan nəyə görə Azərbaycana qarşı belə düşmənçilik fəaliyyətinə şərait yaradır?! Bütün bunlar Ermənistanın tezliklə Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olması barədə bəyanatları ilə tam ziddiyyət təşkil edir. Ermənistan hakimiyyəti öz ərazisində Azərbaycanın suverenliyini təhdid edən ünsürlərin fəaliyyətinə qadağa qoymalıdır”, - deyə bəyanatda vurğulanır.