Avropada iqtisadi narazılıqlar getdikcə genişlənir. Fransada başlayan etiraz dalğasının ardınca İtaliyada da sosial-iqtisadi problemlər fonunda narazılıqların artması Avropanın gələcəyi ilə bağlı sualları yenidən gündəmə gətirir. Artan yaşayış xərcləri, iqtisadi çətinliklər və hökumətlərin sosial siyasətinə yönələn tənqidlər Avropa ölkələrində ictimai gərginliyi gücləndirir. Onsuz da iqtisadi və siyasi çağırışlarla üz-üzə olan Avropa İttifaqı üçün bu proses hansı nəticələrə səbəb ola bilər? Etirazlar digər ölkələrə də yayıla bilərmi və Avropa İttifaqının (Aİ) bu problemlərə qarşı hansı addımları atacağı gözlənilir?
Mövzu ilə bağlı Oxu.Az-a danışan italiyalı politoloq Karlo Marino bildirib ki, ötən həftəsonu Avropa küçələrində alovlanan qəzəb dalğası Sena çayının sahillərindən artıq Apennin yarımadasına qədər yayılıb:

"Fransada yüz minlərlə insanın iştirak etdiyi zorakı nümayişlərdən sonra Milan və Roma kimi İtaliya şəhərləri də polis ilə etirazçılar arasında toqquşmaların baş verdiyi məkanlara çevrilib. Bu, ayrı-ayrı sosial narazılıq hadisəsi deyil, yüksək inflyasiya, kəskin bahalaşan enerji qiymətləri və büdcə xərclərinin azaldılması siyasətinin doğurduğu ümumavropa sosial böhranıdır. Avropa İttifaqının aparıcı dövlətləri eyni vaxtda həm ictimai iğtişaşlarla, həm də büdcə kəsirləri ilə üzləşdiyindən Brüsselin manevr imkanları kəskin şəkildə daralır".
"İtaliyada etirazların başlanmasına səbəb birbaşa və konkret idi. Yaxın Şərqdəki vəziyyət qlobal enerji təchizatı zəncirini pozduğundan, sentyabrın sonuna İtaliyada dizelin bir litri 2.3 avronu ötüb. Hökumət yanacaq vergisi üzrə güzəştləri ləğv etdikdən sonra nəqliyyat şirkətlərinin əməliyyat xərcləri kəskin artdı. Etirazlar Kalabriya və Siciliyadan başladı. Yük maşını sürücüləri avtomobil yollarını bağladılar, tezliklə onlara fermerlər və balıqçılar da qoşuldu. Etirazlar qısa müddətdə bütün ölkəyə yayıldı. Şənbə günü Milanda, Duomo meydanında keçirilən dinc nümayiş toqquşmalarla başa çatdı. Qara geyimli yüzlərlə etirazçı polisə butulkalar və fişənglər atdılar. Nəticədə azı dörd polis əməkdaşı və 20 etirazçı xəsarət aldı, təxminən 50 nəfər həbs edildi. İtaliyanın Baş naziri Corcia Meloni zorakılığı pisləyərək bildirdi ki, "Etiraz etmək hüquqdur, lakin şəhərləri alova bürümək yox". Bununla belə, cəmiyyətdə daha dərin fikir ayrılığı meydana çıxıb ki, İtaliyanın ən böyük həmkarlar ittifaqı olan CGIL dövlət büdcəsinə etiraz olaraq noyabrın 20-də ümumtətil keçiriləcəyini elan edib. Tənqidçilər bildirirlər ki, büdcə sosial müdafiə xərclərini azaldır, eyni zamanda müdafiə xərclərinin ÜDM-in 5 faizinə çatdırılmasını nəzərdə tutur. Bu, NATO-nun tələbidir. İtaliyada mütləq yoxsulluq şəraitində yaşayan insanların sayı 5.7 milyona, yəni ölkə əhalisinin 9.8 faizinə çatıb ki, bu da rekord göstəricidir", - deyə analitik vurğulayıb.
Onun sözlərinə görə Fransada vəziyyət daha da ağırdır:
"Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə nümayişlərdə təxminən 550 min nəfər iştirak edib. Həmkarlar ittifaqları isə iştirakçıların faktiki sayının 800 mini ötdüyünü iddia edir. Limoges şəhərində 140 illik bələdiyyə binası yandırılıb və nəticədə binanın saat qülləsi uçub. Paris, Marsel və Lionda mağazalar talan edilib, təxminən 1 200 nəfər həbs olunub. Makron hökuməti çətin seçim qarşısındadır. Fransanın dövlət borcunun ÜDM-ə nisbəti ötənilki 115.6 faizdən 119.3 faizə yüksələcəyi proqnozlaşdırılan səviyyəyə çatıb. Bu isə büdcə kəsirinin azaldılmasını zəruri edir. Lakin dövlət xərclərinin istənilən ixtisarı ictimai qəzəbi daha da artırır. Bu büdcə təzyiqi artıq maliyyə bazarlarına da yayılır. Fransa istiqrazlarının kütləvi satışı İtaliya istiqrazları bazarına da təsir edib. İtaliyanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 4.7 faizə yüksəlib və Almaniya istiqrazları ilə gəlirlilik fərqi son 18 ayın ən yüksək səviyyəsinə çatıb. Bazar ertəsi avro ABŞ dollarına nisbətdə 0.5 faiz ucuzlaşaraq 1.118 dollar səviyyəsində qərarlaşıb. Bu, investorların Avropadakı siyasi qeyri-müəyyənlikdən ehtiyat etdiyini göstərir".
"Artıq Ukrayna böhranı və enerji keçidi ilə mübarizə aparan Avropa İttifaqı üçün bu sosial iğtişaşlar daha bir ciddi zərbədir. Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard açıq şəkildə bildirib ki, Fransa borc problemini büdcə konsolidasiyası, yəni büdcə kəsirinin azaldılması yolu ilə həll etməlidir. Bu mövqe Fransa istiqrazları bazarını sabitləşdirmək üçün AMB-nin istiqraz alışı vasitəsilə müdaxilə etməsi ehtimalını, faktiki olaraq, istisna edir", - deyə K.Morino diqqətə çatdırıb.
Onun sözlərinə görə, siyasi təsirlərin miqyası isə daha mürəkkəbdir:
"Fransada gələn il prezident seçkiləri keçiriləcək və sorğularda ifrat sağçı Milli Birlik partiyası liderlik edir. Politico.eu-nun məlumatına görə, Makron özünün prezidentlik müddətinin son mərhələsində Avropa büdcəsi haqqında razılaşmanın irəlilədilməsi üçün tələb olunan siyasi nüfuza malik olmadığını Aİ liderlərinə qapalı görüşlərdə etiraf edib. İtaliya da seçkilərə yaxınlaşır. Meloni hökuməti Aİ daxilində büdcə intizamı baxımından "nümunə" kimi qiymətləndirilsə də, ölkə daxilində sosial sabitlik ciddi sınaq qarşısındadır. Aİ-nin bir diplomatı qeyri-rəsmi söhbətində bildirib ki, Paris və Roma eyni vaxtda "öz daxili problemlərinə qapıldığına" görə Brüsseldə sənaye siyasəti və ya müdafiə sahəsində əməkdaşlıqla bağlı irəli sürülən istənilən iddialı gündəlik, çox güman ki, boş sözlərdən başqa bir şey olmayacaq".
"İlk baxışdan bu etirazlar dizelin qiymətinə və mənzil xərclərinə qarşı yönəlib. Lakin daha dərindən təhlil etdikdə məlum olur ki, Avropa küçələrindən gələn siqnallar sadəcə "yaşayış xərcləri" məsələsindən qat-qat mürəkkəbdir. Birincisi, bu etirazlar Avropanın sosial rifah modeli ilə qitənin geosiyasi öhdəlikləri arasındakı ziddiyyətin ictimai şəkildə üzə çıxmasıdır. İtaliyalı etirazçıların istifadə etdiyi şüarlar çox şey deyir: "Müharibəyə yox, maaşlarımızın artırılmasına bəli". Hökumətlər NATO-nun müdafiə xərcləri ilə bağlı hədəflərinə çatmaq üçün təhsil, səhiyyə və ictimai nəqliyyat xərclərini azaltdıqda, adi ailələr ikiqat məhrumiyyətlə üzləşirlər: bir tərəfdən, ucuz enerjidən faydalanmaq imkanlarını itirirlər, digər tərəfdən isə təhlükəsizlik öhdəlikləri müqabilində həyatlarında heç bir real yaxşılaşma görmürlər. İtaliyanın həmkarlar ittifaqları hətta dövlət büdcəsini "müharibə büdcəsi" adlandırıblar. Fransada da oxşar əhval-ruhiyyə müşahidə olunur: etirazçılar Ukraynadakı müharibənin maliyyələşdirilməsinə son qoyulmasını tələb edirlər. İkincisi, Avropa Mərkəzi Bankının manevr imkanları, demək olar ki, tükənib. 2022-ci il enerji böhranı zamanı Avropa Mərkəzi Bankı üzv dövlətlər arasında faiz dərəcələrindəki fərqləri məhdudlaşdırmaq üçün hələ də Transmissiyanın Qorunması Alətindən istifadə edə bilirdi. Lakin indi, inflyasiya hələ də hədəf səviyyəsinə qayıtmadığı bir vaxtda, Kristin Laqardın Fransa və ya İtaliyanın istiqraz bazarlarını dəstəkləmək üçün atacağı istənilən addım "mənəvi risk" ittihamlarına səbəb ola və inflyasiyanın yenidən artması təhlükəsini yarada bilər. Bu isə o deməkdir ki, küçə etirazları dövlət borcunun xidmət xərclərini artırdıqca hökumətlər getdikcə daha ağrılı büdcə qərarlarını daha qısa müddətdə qəbul etməyə məcbur olacaqlar. Halbuki etirazçıların ən çox qəbul etmək istəmədiyi nəticə məhz budur. Nəticə etibarilə, Avropa İttifaqının legitimliyi daxildən sarsılır. Son on il ərzində Aİ-də böhranlarla bağlı müzakirələr əsasən "xarici təhdidlər" üzərində cəmləşib: borc böhranı zamanı Yunanıstan, qaçqın böhranı zamanı sərhədlər, Ukrayna böhranı zamanı isə Rusiya. Bu dəfə isə qarışıqlığın episentri Avrozonanın ikinci və üçüncü ən böyük iqtisadiyyatlarıdır. Fransa vətəndaşları bələdiyyə binalarını yandırdıqda, İtaliya həmkarlar ittifaqları isə ümumtətil elan etdikdə, məsələ artıq "üzv dövlətlərdən birini xilas etmək" məsələsi olmaqdan çıxır. Aydın olur ki, bu əsas üzv dövlətlərdə ictimai müqavilə dağılmaqdadır. Əgər Paris və Roma hökumətləri ictimai təzyiqə görə büdcə konsolidasiyasından imtina etsələr, Avrozonanın qaydalarına olan etimad məhv olacaq. Əksinə, qənaət siyasətini davam etdirsələr, sosial iğtişaşlar siyasi qütbləşməni daha da dərinləşdirə, ifrat sağçı və radikal solçu qüvvələrə əlavə dəstək qazandıra bilər", - avropalı ekspert deyib.
Müsahibimiz sonda əlavə edib ki, qısa müddətdə Avropa liderləri polis gücündən istifadə etməklə küçə etirazlarını yatırmağa nail ola bilərlər:
"Lakin dizelin qiyməti ilə bağlı enerji dilemması, müdafiə xərcləri ilə sosial təminat büdcələri arasındakı struktur ziddiyyət və seçki siyasətinin yaratdığı qərarsızlıq mühiti bu ilkin maneələr aradan qaldırıldıqdan sonra da yoxa çıxmayacaq. Avropa İttifaqı üçün əsl sınaq bu qış etiraz dalğasından sağ çıxmaq deyil, növbəti böhran baş verməzdən əvvəl hökumətlərlə seçicilər arasında artıq ciddi şəkildə zəifləmiş etimadı bərpa edə bilməkdir. Fransa və İtaliyada ümumi seçkilər yaxınlaşdıqca bu hərəkatların açıq şəkildə hökumət əleyhinə olduğu və xarici mənbələrdən maliyyələşdirildiyi aydın görünür. Təxminən on il əvvəl, Demokrat Partiyasının (PD) lideri Matteo Rentsi baş nazir olduğu dövrdə Əmək Məcəlləsinin 18-ci maddəsindəki mühüm müddəanı ləğv etdi. Lakin o zaman heç kim etiraz etmədi, hətta həmkarlar ittifaqları belə. İndi isə bu qruplar şəhərlərdə xaos yaradır, hakimiyyətdə olduqları dövrdə sözdə "ağ sol"un həll edə bilmədiyi problemlərlə bağlı tələblər irəli sürürlər. Ən çox narahatlıq doğuran məsələ üzlərini örtən və özlərini "tələbə" adlandıran şəxslərdir. Məsələnin əsas mahiyyəti də məhz budur. Bu gün İtaliyada xaricdən maliyyələşdirilən etirazların şahidi oluruq. Bütün bu vəziyyət son dərəcə çətin və mürəkkəbdir".