Avropada fəaliyyət göstərən bir sıra daşıyıcı şirkətlərə kibertəhdidlər göndərən şəxslər hücumları davam etdirəcəklərini bildiriblər.
Oxu.Az bu barədə "Financial Times" nəşrinə istinadən xəbər verir.
Bildirilib ki, noyabrın 6-da İrlandiyanın RTE yayım korporasiyasının yerləşdiyi binaya bomba qoyulması barədə təhdiddən sonra əməkdaşlar təxliyə ediliblər. Təhdidin ötən gün Avropada bir çox reysə təsir edən saxta bomba xəbərlərinin arxasında duran eyni qruplaşmadan gəldiyi güman olunur.
"Bu, yalnız başlanğıcdır. Bu həftə baş verənlər yaxın gələcəkdə Avropanı gözləyənlərin yalnız kiçik bir hissəsidir... Çox tezliklə sizin təyyarələrinizi, kruiz gəmilərinizi, metro stansiyalarınızı və qatarlarınızı partladacağıq", - deyə təhdid mesajında bildirilib.
Qeyd edək ki, təyyarələrə bomba qoyulması ilə bağlı təhdidlər son iki gün ərzində Avropada azı 30 reysə təsir edib.