Ukrayna müharibəsinin taleyini müəyyən edə biləcək diplomatik prosesdə yeni mərhələyə keçid gözlənilir. Noyabrın 10-11-də ABŞ, Ukrayna və Rusiya nümayəndələrinin Əbu-Dabidə görüşünün planlaşdırıldığı bildirilir. Danışıqların gündəliyində təhlükəsizlik zəmanətləri və müharibədən sonrakı yenidənqurma məsələlərinin yer alacağı gözlənilir.
Digər tərəfdən Avropa ölkələri də Ukraynanın gələcəyini müəyyənləşdirəcək danışıqlarda daha güclü təmsil olunmağa çalışır. ABŞ Prezidenti Donald Tramp isə mümkün yeni sazişin yalnız Ukrayna ilə məhdudlaşmayacağını, bütün Avropaya təsir göstərə biləcək genişmiqyaslı razılaşma olacağını bəyan edib.
Bütün bunların fonunda əsas suallar aktuallığını qoruyur: Ukraynanın gələcəyi hansı diplomatik masada müəyyənləşəcək? Kiyev, Moskva və Vaşinqton arasında mümkün razılaşmanın şərtləri nələrdir? Avropa bu prosesdə söz sahibi ola biləcəkmi? Ən əsası, əldə olunacaq razılaşma müharibəyə son qoyacaq dayanıqlı sülhün əsasını formalaşdıra biləcəkmi?
Mövzu ilə bağlı Oxu.Az-a danışan politoloq Rəşad Bayramov deyib ki, Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli görüş Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik səylərin yeni mərhələsi kimi olduqca diqqətçəkicidir:
"Tərəflərin hər birinin, o cümlədən Avropa İttifaqının görüşdən ayrı-ayrı gözləntiləri var. Danışıqların gündəliyində müharibənin başa çatdırılması, müharibədən sonrakı təhlükəsizlik mexanizmləri, humanitar məsələlər və Ukraynanın bərpası ilə bağlı məsələlərin yer alması gözlənilir. Onu da qeyd edim ki, bu görüşün əhəmiyyəti yalnız tərəflər arasında atəşkəs imkanlarının müzakirəsi ilə məhdudlaşmır. Əsas məsələ müharibədən sonra Avropanın təhlükəsizlik arxitekturasının hansı prinsiplər əsasında formalaşacağının müəyyən edilməsidir".
"Tramp dünən Rusiya nümayəndəsi Kirill Dmitriyevlə görüşündən sonra Ukrayna və bütövlükdə Avropanı əhatə edə biləcək genişmiqyaslı razılaşmanın yaxınlaşdığını bəyan edib. Amma ABŞ liderinin nə deməsindən asılı olmayaraq belə bir razılaşmanın mütləq şəkildə əldə olunacağını söyləmək hələ çox tezdir. Çünki Moskva ilə Kiyev arasında ərazi məsələləri, təhlükəsizlik təminatları və gələcək münasibətlərin hüquqi əsasları ilə bağlı ciddi fikir ayrılıqları qalmaqdadır", - politoloq vurğulayıb.
Onun sözlərinə görə, danışıqların mühüm istiqamətlərindən biri Ukraynanın təhlükəsizlik zəmanətləri məsələsidir:
"Kiyev üçün əsas məqsəd mümkün atəşkəsdən sonra Rusiyanın yeni hərbi müdaxiləsinin qarşısını ala biləcək etibarlı mexanizmlərin yaradılmasıdır. Sadəcə döyüşlərin dayandırılması Ukraynanın təhlükəsizlik narahatlıqlarını aradan qaldırmır. Buna görə də beynəlxalq təminatlar, hərbi müdafiə imkanlarının qorunması, atəşkəsə nəzarət və pozuntulara operativ reaksiya mexanizmləri xüsusi əhəmiyyət daşıyır. Moskva isə təhlükəsizlik təminatlarının qarşılıqlı xarakter daşımasını istəyir. Bu yanaşmalar arasında ortaq mövqenin tapılması danışıqların əsas çətinliklərindən biri olacaq".
R.Bayramov hesab edir ki, Avropa ölkələrinin danışıqlar prosesində daha geniş təmsil olunmaq tələbi də təsadüfi deyil:
"Müharibənin nəticələri birbaşa Avropa qitəsinin təhlükəsizliyinə, iqtisadiyyatına, enerji siyasətinə və müdafiə strategiyasına təsir göstərir. Fransa, Almaniya, Böyük Britaniya, Avropa İttifaqı və NATO nümayəndələrinin Vaşinqtonla Brüsseldə təhlükəsizlik zəmanətləri və Ukraynanın yenidən qurulması məsələlərini müzakirə etmələri Avropanın prosesdən kənarda qalmaq istəmədiyini nümayiş etdirir. Bununla belə, bu təmaslar Avropanın Əbu-Dabidəki üçtərəfli görüşdə birbaşa iştirak edəcəyi anlamına gəlmir".
Müsahibimiz diqqətə çatdırıb ki, digər mühüm məsələ Ukraynanın müharibədən sonrakı iqtisadi bərpasıdır:
"Ölkənin dağıdılmış infrastrukturunun yenidən qurulması, enerji sisteminin bərpası, sənaye potensialının dirçəldilməsi və xarici investisiyaların cəlb edilməsi uzunmüddətli beynəlxalq dəstək tələb edir. Bu baxımdan Avropa İttifaqı və ABŞ-ın maliyyə imkanları, beynəlxalq maliyyə institutlarının iştirakı və özəl sektorun investisiyaları xüsusi rol oynaya bilər. Lakin iqtisadi bərpanın uğuru ilk növbədə təhlükəsizlik mühitinin etibarlılığından asılıdır. Konkret təhlükəsizlik zəmanətləri olmadan hər hansı bir investorun Ukraynanın bərpasına maliyyə yatırması inandırıcı deyil. Beləliklə, Ukraynanın gələcəyinin müəyyənləşəcəyi danışıqlar masası yalnız Vaşinqton, Moskva və Kiyevin mövqelərinin uzlaşdırıldığı platforma olmamalıdır. Avropa dövlətlərinin də prosesdə real iştirakının təmin edilməsi zəruridir. Ən başlıcası isə Ukraynanın öz gələcəyi ilə bağlı qərarların qəbulunda həlledici söz sahibinə çevrilə bilməsidir. Ölkənin suverenliyi, ərazi bütövlüyü və müstəqil xarici siyasət seçimi istənilən sülh razılaşmasının fundamental prinsipləri kimi qorunmalıdır. Odur ki, Əbu-Dabi görüşündən dərhal sonra yekun sülh sazişi gözləmək düzgün olmasa da danışıqların bərpası atəşkəs, təhlükəsizlik zəmanətləri və humanitar məsələlər üzrə irəliləyiş üçün diplomatik imkan yaradır. Əsas məsələ Rusiyanın özünün tələblərində, xüsusilə də ərazi məsələləri ilə bağlı tələblərində kompromisə hazır olub-olmamasıdır. Bu olmayacaqsa hər hansı atəşkəs razılaşması da çox təəssüf ki, baş tutmayacaq".