Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev ölkəmizin müharibə hazırlıqlarından danışıb.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, prezidentin bildirdiyinə görə, hərbi texnikanın alınması ilə Azərbaycanın heç bir problem yoxdur.
“Biz müxtəlif ölkələrdən texnika alırıq, eyni zamanda, Azərbaycanda istehsal edirik. Bizimlə hərbi sahədə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artmaqdadır. Mətbuatda rəqəmlər səslənir ki, Azərbaycan bəzi ölkələrdən 1 milyard dollar dəyərində silah alıb, bəzi ölkələrdən 1,6 milyard dollar həcmində silah alıb. Deyə bilərəm ki, bu rəqəmlər reallığı əks etdirmir. Əslində, bizim hərbi texniki əməkdaşlıq bu rəqəmlərdən bir neçə dəfə böyük rəqəmlərlə ölçülür. Sadəcə olaraq biz bu rəqəmləri açıqlamırıq. Vaxtaşırı xarici mətbuatda gedən məlumatlara şərh veririk. Amma biz bütün məlumatları açıqlaya bilərik. Çünki bizim dövlət büdcəmiz şəffafdır, bütün xərclərimiz də açıqdır” – deyə, o vurğulayıb.
Həmin çıxışdan videonu oxucularımıza təqdim edirik.