Avqustun 11-də Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabad rayonunun Göytəpə şəhərinin mərkəzində, Göytəpə çayının sahilində inşa edilmiş Heydər Əliyev adına park-bulvarın açılışında iştirak edib.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, park-bulvarın ərazisində ümummilli lider Heydər Əliyevin bürüncdən abidəsi ucaldılıb.
Dövlət başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Parkla tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, tikinti işlərinə ötən ilin mayında başlanılıb. Burada sakinlərin istirahətini dolğun və mənalı təşkil etmək məqsədilə bütün zəruri işlər görülüb.
15:35
Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabad rayonuna səfəri çərçivəsində avqustun 11-də Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun açılışında iştirak edib.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Avtomobil yolunun ümumi uzunluğu 21 kilometr, eni 8 metrdir. Yol dördüncü texniki dərəcəlidir.
Bu yola 130 min kvadratmetrlik ikiqat asfalt döşənib. Altı yaşayış məntəqəsini, o cümlədən Alar, Təzəkənd, Üçtəpə, Əliqasımlı, Cəfərxanlı və Gülməmmədli kəndlərini əhatə edən yol ümumilikdə 23 mindən çox əhaliyə xidmət göstərəcək.
15:05
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 11-də Cəlilabad rayonuna səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, dövlət başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.
Sonra Prezident İlham Əliyev mərkəzin ətrafında istirahət edən rayon sakinləri ilə görüşdü.
Sakinlər göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.
İlham Əliyev həmçinin Cəlilabadda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Dövlət başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış oldu.
İlham Əliyev həmçinin “Avanqard” MMC-nin Cəlilabad rayonundakı taxılçılıq təsərrüfatı ilə tanış olub.
Dövlət başçısına iri fermer təsərrüfatları barədə məlumat verilib.
Prezident yaradılmış imkanlardan səmərəli istifadə edilməsi ilə bağlı tapşırıqlarını verdi.
13:00
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 11-də Cəlilabad rayonuna səfərə gəlib.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan Prezidentinə abidənin ucaldığı Heydər Əliyev adına park haqqında məlumat verdi.
Bildirildi ki, ümumi sahəsi 7500 kvadratmetr olan parkda sakinlərin və rayonun qonaqlarının istirahəti üçün hər cür şərait yaradılıb. Parkın ərazisində iki fəvvarə, müasir işıq dirəkləri və oturacaqlar quraşdırılıb, yaşıllıq zolağı salınıb, yeni gül kolları əkilib.