Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu göndərib.
Oxu.Az AzərTAc-a istinadən bildirir ki, məktubda deyilir:
“Hörmətli Emoməli Şərifoviç,
Sizi və Sizin şəxsinizdə bütün Tacikistan xalqını ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Tacikistanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bağlayır. Hazırda yeni məzmun kəsb edən bu münasibətlər dinamik və hərtərəfli inkişaf yolundadır.
Əminəm ki, birgə səylərimiz bundan sonra da dövlətlərarası münasibətlərimizin daha da inkişaf etdirilməsinə və möhkəmlənməsinə, Azərbaycan ilə Tacikistan arasında iqtisadi və humanitar əlaqələrin genişlənməsinə yönələcəkdir.
Hörmətli Emoməli Şərifoviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Tacikistan xalqına sülh və firavanlıq arzulayıram”.
Digər məktubla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Əmək Partiyasının Birinci Katibi, Koreya Xalq Demokratik Respublikası Dövlət Müdafiə Komitəsinin Birinci Sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandanı Kim Çen Inı təbrik edib.
“Zati-aliləri,
Milli bayramınız – Koreya Xalq Demokratik Respublikasının yaranması günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm”.