İran Azərbaycanla Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağlaması barədə bəyanatla çıxış edib.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Ayətullahinin adından yayılan bəyanatda bildirilir ki, bu addıma səbəb Azərbaycan sərhədçilərinin Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini bağlaması və sərhədin açılması üçün iki gün ərzində edilən cəhdlər nəticəsiz qalmasıdır.
Bəyanatda bildirilib ki, Azərbaycan Respublikası naməlum şəxsin Poldəşt sərhəd-keçid məntəqəsinə yaxın yerdə traktora atəş açması səbəbindən Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini noyabrın 6-dan etibarən bağlayıb:
“Bu da iranlı sürücülərə və vətəndaşlara ciddi problemlər yaradıb”.
Səfirliyin bəyanatında qeyd edilib ki, beynəlxalq qanun və normalara əsasən, adətən sərhəd məntəqələrində bu kimi hadisələr baş verdikdə iki ölkənin sərhədçiləri görüşüb məsələni yerində həll edirlər və belə hallarda sərhəd bağlanmır.
Seyid Məhəmməd Ayətullahi bildirib ki, İran iki gün gözlədikdən sonra sərhəd-keçid məntəqəsi açılmadığı üçün Azərbaycan tərəfini qabaqcadan məlumatlandıraraq, Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağlayıb.
Bəyanatda o vurğulanıb ki, səfirliyin məsul şəxsləri bu problemin həll edilməsi üçün danışıqları davam etdirirlər.
13:16
Azərbaycan-İran sərhədində yenidən gərginlik yaranıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, cənub bürosunun məlumatına görə, dünəndən etibarən Biləsuvar sərhəd-buraxılış məntəqəsindən qarşı tərəfə gediş-gəliş İran tərəfindən tamamilə dayandırılıb.
Hazırda 200-dən çox nəqliyyat vasitəsi və mindən çox Azərbaycan vətəndaşı sərhədi keçmək üçün növbəyə dayanıb.
Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin rəis müavini Mirrafiq Mirsultanov APA-ya açıqlamasında faktı təsdiqləyib.
Onun sözlərinə görə, İran tərəfi keçidi dayandırmasına heç bir səbəb göstərmir. Qarşı tərəflə görüşə cəhd göstərilsə də, hələlik heç bir nəticə alınmayıb.