"Son günlər İranda Zəngəzur dəhlizi və ya TRIPP layihəsi mövzusu müəyyən fasilədən sonra yenidən gündəmə gəlib. Bunun, təbii ki, müəyyən səbəbləri var. İlk növbədə, ABŞ-İran müharibəsində yaranmış fasilə və münaqişənin başa çatması ilə bağlı ilkin razılaşmanın əldə olunması, eləcə də Ermənistanda son seçki və daxili proseslər, həmçinin layihə ilə bağlı müəyyən gəlişmələr və bəyanatlar İran rəsmiləri və ekspertlərini bu məsələyə dair mövqe bildirməyə sövq edib. Bu mövqedə isə, elə bir ciddi yenilik yoxdur və əsasən köhnə iddialar təkrar olunur".
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.
"Belə görünür ki, ABŞ və İsraillə müharibədə qələbə qazandığına inanan İran özünün regional iddialarını daha kəskin şəkildə ortaya qoymaq niyyətindədir. Ən azından ölkədə İran hakimiyyətinin bu cür davranmasına çağırış edən dairələr və qüvvələr vardır. Amma bu çağırışın Prezident Məsud Pezeşkianın komandasına daxil olan rəsmi şəxs tərəfindən dilə gətirilməsi bir qədər təəccüb və təəssüf doğurur. Söhbət İranın Azərbaycandakı keçmiş səfiri, hazırda İran Prezident Administrasiyası rəhbərinin protokol məsələləri üzrə müavini Abbas Musəvinin SNN informasiya agentliyinə bu günlərdə verdiyi geniş video müsahibədən gedir. O, müxbirin Zəngəzur dəhlizi və son dövrdə bu məsələdə ABŞ-nin fəallığının artması barədə sualını təqdir edərək deyib: "İran İslam Respublikası dəfələrlə bəyan edib ki, biz sərhədlərimizin yaxınlığında və ətrafımızda geosiyasi dəyişiklikləri qəbul etmirik və bu mövqeyimiz dəyişməyib".
İran rəsmisi əlavə edib: "Qafqaz bizim evimizdir və cəmi 200 il əvvəl bizdən ayrılıb. Ona görə də ora bizim sivilizasiya arealının və nüfuz dairəmizin tərkibinə daxildir, onların da kökləri İrandadır. Bu üzdən biz Türkiyə və Rusiyaya nisbətən Qafqaz regionunda baş verənlərə daha həssas yanaşırıq".
Sual olunur: imperiya təfəkkürünün məhsulu olan bu fikirləri səsləndirməklə, peşəkar diplomat olan Abbas Musəvi nə demək istəyir? Bu cür iddialar onun müsahibədə haqqında danışdığı qonşuluq münasibətlərinin inkişafına nə dərəcədə xidmət edir?", - deyə materialda bildirilib.