Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Keçmiş məcburi köçkün: "Otuz il bundan öncə Laçından gözüyaşlı çıxmışdıq"
"30 il bundan öncə Laçından gözüyaşlı çıxmışdıq, gözüyaşlı da qayıdırıq".
Bunu Oxu.Az-a açıqlamasında bu gün Laçının Sus kəndinə köç edən, keçmiş məcburi köçkün Tofiq Bahadur oğlu Zülfüqarov deyib.
O qeyd edib ki, bu gün onlar öz doğma yurdlarına sevinc göz yaşları ilə qayıdırlar:
"33 il çox ağır şəraitdə yaşamışıq. Xəzər rayonu, Şüvəlan qəsəbəsi, "Cəsur" düşərgəsində birotaqlı evdə yaşamışıq. İki oğlum, gəlinim və mənim ailəm bir otaqda ömür sürmüşük. Çox şükür ki, dövlətimiz Laçında bizə hər cür şərait yaradıb, bizi öz evimizə köçürür.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Qeyd edək ki, bu gün növbəti köç karvanı Laçının Sus kəndinə yola salınıb. Bu mərhələdə daha 39 ailə (140 nəfər) öz doğma yurduna köçürülür.
Xatırladaq ki, indiyədək Sus kəndində 59 ailənin, yəni 215 nəfərin daimi məskunlaşması təmin edilib.
Aytac Qasımova