İllər ötsə, dünyada baş verən proseslər yeni xarakter alsa da, İrandakı hakimiyyətin Azərbaycana münasibəti dəyişməyib. Pəhləvilər taxt-taca çıxandan sonra Rza şahın ilk işi Güney Azərbaycan türklərinə qarşı milli assimilyasiya siyasəti həyata keçirmək olub. Yer və coğrafi adlar farslaşdırılıb, türk dilində (Azərbaycan türkcəsində) danışmaq yasaqlanıb. Buna qarşı çıxanlar isə cəzalandırılıb, cərimələnib.
Bu azmış kimi, Güney Azərbaycanın əzəli tarixi yerlərində qonşu ölkələrdən köç edənlərə yeni əyalət yaradılıb. Rza şah dövründə panfarsçılıq rəsmi siyasi-ideoloji siyasəti olaraq həyata keçirilib. Bu ideyaya əsasən, Azərbaycan türkləri də fars etnosu, dili və mədəniyyətinin bir qoludur. 1941-ci ildə faşist Almaniyası ilə əlaqələrinə görə hakimiyyətdən uzaqlaşdırılan atasının yerinə taxt-taca yiyələnən Məhəmmədrza şah da bu şovinist siyasəti davam etdirdi.
Ölkə əhalisi 1979-cu ildə pəhləvilər sülaləsini azad və ədalətli İranda yaşamaq arzusu ilə devirdi. Ancaq onların bu arzuları da reallaşmadı. Qərbin yardımı və xeyir-duası ilə həmin ilin fevralından sonra hakimiyyətə gələn yeni qüvvələr özünü din pərdəsi adı altında gizlədə bilmədi. Başqa məsələlərlə yanaşı monarxiyadan qalma milli assimilyasiya siyasətini indikilər də davam etdirir.
Pəhləvilərdən qalma ideologiya ilə Azərbaycan türkləri İranda yüz illərdir assimilyasiya olunur. Ölkənin Konstitusiyasında fars olmayan etnosların milli mədəni hüquqlarının təmini üçün nəzərdə tutulan maddələr 45 ildir həyata keçirilmir. Haqlarını tələb edənlər isə hakimiyyətin bir qayda olaraq müxtəlif təzyiqlərinə məruz qalırlar.
Tehran hökuməti Güney Azərbaycan türkləri ilə yanaşı, bəlucların, ərəblərin, türkmənlərin və s. fars olmayan etnik qrupların da milli-mədəni hüquqlarını tapdayır.
Müsəlman bəluclar və ərəblər həm də islamın fərqli məzhəbinə itaət etdikləri üçün də təzyiqlərə məruz qalırlar. İranın əsas qanunu hazırlanarkən Qurani-Kərim, İmam Əlinin çıxışlarından ibarət “Nəhcül-Bəlağə” mənbə olaraq götürülüb.
Qanunda qeyd edilib, ölkədə dini azlıqların hüquqları qorunur. Ancaq bəhailər, zərdüştlər və başqaları dinin daşıyıcıları daim təqiblərə məruz qalır, həbs olunurlar. Hakimiyyətin islam adı atlında fəaliyyətinə etiraz olaraq xristianlığı qəbul edənlər də “kafir", “mürtəd” adlandırılaraq cəzalandırırlar.
45 il əvvəl İranda yəhudilərin sayı yüz mindən çox olduğu halda indi cəmi 10-11 min civarındadır. 2000-ci ilədək İsrailə səfər edən yəhudilər 5 ilədək azadlıqdan məhrum olunurdular. Bu azmış kimi İrana qayıdanları “İsrail casusu” damğası ilə həbs edirlər. Buna görə də son illər yəhudilər İrandan İsrailə mühacirət etməyə üstünlük verirlər. Odur ki, bu azlığın sayı azalmaqda davam edir.
1979-cu ilədək İran hakimiyyətinin xüsusi diqqət göstərdiyi ermənilərin də sayı yüz mindən çox olub. Ancaq hazırda onların da sayı 50-60 minə enib.
Hüquq müdafiəçiləri dəfələrlə İslam Respublikasında ən böyük dini azlıq sayılan bəhailərə edilən zülm barədə hesabatlar yayıblar. İranda dini, etnik, məzhəb fərqinə görə hər gün insanlar təqib və təzyiqlərə məruz qalırlar.
İran pəhləviləri dövründə olduğu kimi, indi də millətlərin, dini azlıqların həbsxanasıdır. Tehran hakimiyyəti Azərbaycan torpaqları işğal altında olanda və sonrakı müddət ərzində daim Ermənistanı müdafiə edib. Qarabağ və ətraf rayonlar azad edildikdən sonra rəsmi Bakıya təzyiq aləti də sıradan çıxmış oldu. Ona görə də başqa-başqa üsullara əl atmağa başlayıblar. Bir zamanlar anti-Azərbaycan ünsürlərin tədbirlərinə Ermənistan ev sahibliyi edərdi. İndi onu İran hakimiyyəti əvəzləyib. Tehran belələrini kənarda dəstəkləyərək onları özündən aralı tutmağa çalışırdı. Ancaq Azərbaycanın bu ölkədəki səfirliyinə terror hücumundan sonra onun “qonşu, qardaş, dindaş” və s. ritorik ifadələrinin gəlişi gözəl söz olduğu bir daha təsdiqləndi.
İran Cənubi Azərbaycan və Azərbaycan Respublikasının tarixini, ədəbiyyatını hələ də saxtalaşdırır. Bunları bir qayda olaraq fars mədəniyyəti və tarixinə bağlamağa çalışır. İrəvandakı Göy məsciddən İran Mədəniyyət Mərkəzi kimi istifadə edilir. Ermənilərlə birlikdə İran onu fars mədəniyyətinin nümunəsi kimi təqdim etməyə səy göstərir. Tehran Şuşadakı Yuxarı Gövhər Ağa məscidini fars abidəsi kimi tam bərpa edib. Məscidin açılışında ovaxtkı qondarma rejimin təmsilçisi Lernik Avanesyan demişdi ki, məscid Erməni-İran Elmi-Mədəni Mərkəzi kimi fəaliyyət göstərəcək. Bərpa işləri zamanı məscidə fars mədəniyyətinin elementlərinin həkk edilməsi də sonradan təsdiqləndi.
İran hakimiyyəti Azərbaycana aid olan bütün abidələri, tarixi şəxsiyyətləri və onların yaradıcılığını bu kimi saxtakarlıqla mənimsəyir. Ötən gün Tehranda dahi Azərbaycan və türk şairi Nizami Gəncəvinin anım günü keçirilib, onun abidəsi açılıb. İlk baxışdan, hətta İrəvanda belə onun yad edilməsi, abidəsinin ucaldılması alqışlanmalıdır. Çünki Azərbaycanın bu dahi oğlunun yaradıcılığı bütün bəşəriyyətə məxsusdur. Onun əsərlərindən insanlıq faydalanır. Bu baxımdan Tehranda şairin abidəsinin ucaldılmasını müsbət qiymətləndirmək olar. Ancaq Nizamini “İran, fars şairi” kimi təqdim etməklə Azərbaycan torpaqlarını mənimsəmək, ərazilərini parçalayaraq yerində yeni əyalətlər (Kürdüstan, Gilan, Rəşt və s.) yaratmaq eynidir. Təkzib edilməz faktdır ki, Nizami Gəncəvi Atabəylərin idarə etdiyi, indiki Güney Azərbaycan ərazisində doğulub, fəaliyyət göstərib.
Həmin illərdə İran adı ancaq Firdovsinin “Şahnamə”də uydurduğu nağıllarda, miflərdə vardı. Tehran hakimiyyətinin bu məsələyə tez-tez belə saxtakarlıqla yanaşması ermənilərin və özlərinə dahi axtaran başqa etnik azlıqların davranışını xatırladır. Anti-Azərbaycan fəaliyyətinə, türk düşmənliyinə, saxtakarlıq kimi xüsusiyyətlərinə görə İran hakimiyyəti erməniliyin əkizidir. Çünki Tehranla İrəvan Qarabağ və ətraf rayonların işğal altında qalmasına eyni dərəcədə səy göstərib. Odur ki, İran hakimiyyətinin anti-Azərbaycan maskası çoxdan yırtılıb və sexakronizm (ermənilik) ideyasının daşıyıcı və yayımçılarına daha çox oxşayır.
“Report” İnformasiya Agentliyi