Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, birinci vitse-prezident deputatlıq fəaliyyəti ilə bağlı hesabat da verib.
M. Əliyeva qeyd edib ki, prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı əsasında yeni vəzifəyə təyin edilməsi ilə əlaqədar Azərbaycan Milli Məclisində fəaliyyətini dayandırır: “Mən 10 ildən artıq parlamentin üzvü olmuşam. Azərbaycan Milli Məclisinin deputatı adını daşımaq mənim üçün şərəf idi. Müstəqillik illərində ölkəmizin nüfuzlu dövlət kimi formalaşdırılmasında Milli Məclisin deputat korpusunun böyük rolu olub.
Azərbaycanda həyata keçirilən islahatların hüquqi bünövrəsini millət vəkillərinin birgə səyi nəticəsində hazırlanıb, müasir reallıqlara və çağırışlara cavab verən qanun layihələri təşkil edir. Əziz həmkarlar, millət vəkili kimi çalışdığım müddət ərzində burada daim işgüzar ab-havanın şahidi olmuşam. Belə mühitin yaradılmasında Milli Məclisin sədri Oqtay Əsədovun böyük əməyi var”.
12:30
Azərbaycan Milli Məclisinin (MM) növbəti plenar iclası başlayıb.
Oxu.Az-ın Report-a istinadən verdiyi xəbərə görə, iclasda Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva iştirak edir.
Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 13 məsələ daxildir.
Bunlar Milli Məclisin komitə üzvünün seçilməsi, Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinin seçilməsi (3 məsələ), Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkilinin illik məruzəsi, “Məktəbəqədər təhsil haqqında” (ikinci oxunuşda) qanun layihəsi, eyni zamanda “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Sərhəd Qoşunları haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Telekommunikasiya haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Reklam haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarına dəyişiklik layihələridir.
Oqtay Əsədov M.Əliyevanı Birinci vitse-prezident vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. O bildirib ki, Mehriban xanım 12 ildir deputatdır: “O, dövlətin qanunvericilik bazasının təkmilləşdirilməsində mühüm rol oynayıb. Mehriban Əliyeva beynəlxalq aləmdə də fəal olub”.
N.O.