Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında V çağırış Milli Məclisin deputatı Mehriban Əliyevanın səlahiyyətlərinə xitam verilməsi məsələsi müzakirəyə çıxarılıb.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov Mehriban Əliyevanın Azərbaycan prezidenti İlham Əliyevin 21 fevral tarixli sərəncamı ilə birinci vitse-prezident təyin olunduğunu bildirib.
M.Əliyevanın deputat kimi uğurlu fəaliyyətindən söz açan M.Pənahov onun deputat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı MSK-ya müraciət etdiyini bildirib:
“Mehriban Əliyeva prezident İlham Əliyevin ən yaxın silahdaşıdır. Ona birinci vitse-prezident kimi fəaliyyətində uğurlar arzulayırıq. Konstitusiyaya əsasən, Milli Məclis üzvü dövlət orqanlarında vəzifəyə təyin olunarsa, deputat kimi səlahiyyətlərinə xitam verilməlidir. Bununla bağlı Mehriban Əliyeva martın 3-də MSK-ya müraciət edib”.
Daha sonra məsələ səsverməyə çıxarılıb və qəbul edilib.
15:51
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva deputat mandatına xitam verilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, MSK-nın bu gün keçiriləcək iclasında həmin müraciətə baxılacaq və qərar veriləcək.
Qeyd edək ki, Mehriban Əliyeva 2015-ci il V çağırış Milli Məclisə seçkilərdə14 saylı Xəzər seçki dairəsindən deputat seçilib. Bu ilin fevralın 21-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə isə M.Əliyeva Birinci vitse-prezident vəzifəsinə təyin edilib.
Xatırladaq ki, Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda parlament üzvlüyündən istefa verməlidir. Həmin şəxs bunun üçün MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, deputatın mandatına xitam verilməsi ilə bağlı qərar verməlidir.
A.M.