Ukraynanın Ali Radasının deputatı Aleksandr Onişenkonun işi üzrə saxlanılan Dövlət Fiksal Xidmətinin rəhbəri, əslən azərbaycanlı olan Roman Nəsirov Kiyevdə Solomensk məhkəməsinin binasındadır.
Oxu.Az LB nəşrinə istinadən xəbər verir ki, Roman Nəsirovun özü səhhətinin zəif olduğunu bəyan edib.
“Bu gün də yerinə yetirilən prosedurları nəzərə alaraq, son iki gündə nə tibbi prosedurları yerinə yetirmək, nə də ki elementar qida qəbul etmək mümkün deyildi”, - deyən Nəsirov sağlamlığı ilə əlaqədar heç bir simulyasiya olmadığını vurğulayıb.
“Mən hipertonik böhran yaşadım, həkimlərin sözlərinə görə, bu infarkt öncəsi vəziyyətdə ola bilərdi”, - R.Nəsirov bildirib.
Nəsirov həmçinin məhkəmə iclaslarında iştirak etmək və suallara cavab vermək üçün həkimlərinin onu ayağa qaldıra biləcəklərinə ümid etdiyini bildirib.
Qeyd edək ki, Roman Nəsirovu məhkəmə zalına xərəkdə gətiriblər. İclas zamanı vəkillər Nəsirovun səhhətində irəliləyiş olana qədər iclasın təxirə salınmasını istəyiblər, amma məhkəmə bu tələbi təmin etməyib.
Bununla yanaşı unian.net qeyd edir ki, fəallar öz xidməti səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinən Fiksal Xidmət rəhbəri Roman Nəsirovun olduğu məhkəmə binasının qarşısında toplaşıblar.
N.О.
www.oxu.az