Baku TV-nin "Hərbi xronika" verilişinin budəfəki buraxılışında Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan qarşılıqlı müdafiə sazişinin hərbi potensialı, geosiyasi əhəmiyyəti və Azərbaycan üçün mümkün nəticələri təhlil olunub.
Bildirilib ki, "Məkkə saziş"inə əsasən, tərəflərdən hər hansı birinə qarşı silahlı hücum digərlərinə qarşı da hücum kimi qiymətləndiriləcək. Türkiyənin xarici işlər naziri Hakan Fidan mexanizmin NATO-nun 5-ci maddəsinə texniki baxımdan bənzədiyini bildirib.
Ankara və İslamabad isə sazişin konkret ölkəyə qarşı yönəlmədiyini və müdafiə xarakteri daşıdığını vurğulayıb. Qeyd olunub ki, üç ölkənin ümumilikdə 1 milyon 388 min aktiv hərbi qulluqçusu, ehtiyat qüvvələrlə birlikdə isə 2 milyon 300 minə yaxın canlı qüvvəsi var. Hərbi aviasiya parkında 3 400-dən çox təyyarə, o cümlədən 800-dən artıq qırıcı, quru qoşunlarında isə 6 minə yaxın tank mövcuddur.
Üç ölkənin müdafiə xərcləri birlikdə 124 milyard dollardan çoxdur. Vurğulanıb ki, sazişi "müsəlman NATO-su" adlandırmaq tam doğru deyil. Çünki NATO-dakı vahid komandanlıq və inteqrasiya olunmuş hərbi struktur burada mövcud deyil. Buna baxmayaraq, Türkiyənin müdafiə sənayesi və NATO təcrübəsi, Pakistanın böyük ordusu və nüvə imkanları, Səudiyyə Ərəbistanının isə maliyyə resursları üçlüyün ciddi hərbi potensial formalaşdırmasına imkan verir. Diqqətə çatdırılıb ki, yeni mexanizm Azərbaycan üçün də maraq doğurur. Türkiyə və Pakistan Azərbaycanın ən yaxın strateji tərəfdaşlarıdır və Bakı hər iki ölkə ilə intensiv hərbi əməkdaşlıq edir.
Hazırda Azərbaycanın sazişə qoşulması ilə bağlı rəsmi qərar yoxdur. Lakin yeni təhlükəsizlik arxitekturasının gələcəkdə genişlənib-genişlənməyəcəyi və Azərbaycanın bu xəritədə hansı mövqeni tutacağı regionun hərbi-siyasi mənzərəsi baxımından mühüm sual olaraq qalır.