Hakimiyyətimizə qarşı incə şantaj, sonra isə ehtiyatlı olmağa çağırış ilə müşayiət edilən geriyə atılmış səliqəli addım. Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenkonun Beynəlxalq Mətbuat Mərkəzində ünvanımıza deyilmiş sözləri, məhz belə qiymətləndirmək olar.
“Azərbaycan AŞPA-da Ermənistan ilə bərabər Rusiyanı dəstəklədi. Niyə? Ermənilər səsvermədə bitərəflik nümayiş etdiriblər, bununla da daha diplomatik davranıblar. Azərbaycan hər zaman ikili standartlardan şikayət edir. Ədalət Azərbaycan tərəfindədir, amma Ukraynanın bura nə aidiyyatı var? Gəlin, gələn dəfə Ukrayna Azərbaycanın əleyhinə səs versin, sonra isə siz yenidən bizi dəstəkləməzsiniz. Sonra? Bu, heç nəyə aparıb çıxarmayacaq”, - A.Mişenko deyib.
İki kəlmə ilə məsələnin müqəddiməsinə nəzər salaq, Ukrayna səfirinin dediklərinin məğzini açıqlayaq. Bu günlərdə Rusiya Federasiyası Avropa Şurası Parlament Assambleyasında (AŞPA) səsvermə hüququnu itirib. Bu, quraşdırılmış və çox çirkin şəkildə edildi. Avropa parlamentariləri sözün əsl mənasında Rusiya nümayəndələrini məzəmmət etdilər, bunu internetdə yayılmış video da sübut edir. Düşünürəm ki, belə yüksək səviyyəli beynəlxalq struktur öz iclaslarını məsxərəyə çevirməməlidir. Yoxsa elə həmin an onun qəbul etdiyi qərarların mühümlüyü haqqında sual meydana çıxır.
Amma iş bunda deyil. Azərbaycan Rusiyanın AŞPA-dan çıxarılmasının əleyhinə səs verib, bu isə A.Mişenkonu qıcıqlandırıb. O hesab edir ki, Azərbaycan və Ukraynanı dostluq əlaqələri bağlayırsa, deməli bizim ölkə öz prinsiplərinin üstündən keçə bilər.
Xeyr, bilməz! Keçməməlidir də!
Gəlin, səfirin toxunduğu ikili standartlara qayıdaq. Nəyə görə Azərbaycanın AŞPA-da olan nümayəndələri Rusiyanın bu strukturdan çıxarılmasının əleyhinə çıxış etdilər? Rusiyadan qorxduğumuz üçün? Absurddur, əgər bu ittihamda zərrə qədər də həqiqət olsaydı, elə həmin AŞPA-da Ukraynanın ərazi bütövlüyünə səs verməzdik. Axı ölkəmizin belə prinsipial mövqeyinin Rusiyanın xoşuna gəlməyəcəyi hamıya bəlli idi. Bəs onda niyə biz geosiyasi nöqteyi-nəzərdən belə riskli addıma getdik? Çünki Azərbaycan müstəqil dövlət kimi şəxsi mövqeyə malikdir və ölkə kimi özünə hörmət edir.
Hələ əgər söhbət başqa bir dövlətin ərazi bütövlüyündən gedirsə. Dövlətin qəbul edilmiş sərhədlərini pozmaq olmaz. Bu, bir sıra beynəlxalq norma və konvensiyalarına ziddir. Azərbaycan da bundan çıxış edir. Və əgər biz Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bəyan ediriksə, Ukraynanın qərb hissəsinə dair də eyni mövqeni tuturuq. Əgər Rusiyanın AŞPA-da səs haqqı ləğv edilirsə, bəs onda niyə analoji standartlar Ermənistana qarşı tətbiq edilmir? Azərbaycanın mövqeyini formalaşdıran əsas məqam. Təəssüf ki, A.Mişenko məhz bu sonluğu görmür.
İndi isə yuxarıda göstərilən A.Mişenkonun sözlərini təkrar edək: “Gəlin, gələn dəfə Ukrayna Azərbaycanın əleyhinə səs versin, sonra isə siz yenidən bizi dəstəkləməzsiniz. Sonra?”.
Səfir üçün bu, heç də diplomatik ifadə deyildi. Bəli, A.Mişenkonun emosional vəziyyətini anlamaq olar. Müharibə gedir. Əsl müharibə. Onlarla, yüzlərlə ukraynalı həlak olur, bu ölkənin ərazisində hərbi işi gözəl bilən rusiyalıların hardan peyda olması isə aydın deyil. Ukrayna göz qarşısında öz ərazisinin bir hissəsini itirir, bu hissələri gəlin olduğu kimi deyək, separatçılar qamarlamağa çalışırlar və çox güman ki, onları gələcəkdə Rusiyaya birləşdirmək arzusundadırlar. Rusiya bunu qəbul edəcək ya yox, bunu gələcək göstərər, söhbət ondan getmir. Gəlin, xəyal qurmayaq.
İndi söhbət Ukraynanı Azərbaycanda təmsil edən konkret adamdan, həmin ölkənin prezidenti tərəfindən bu vəzifəyə təyin edilən və deməli, öz nitqlərində Ukrayna hakimiyyətinin rəhbərinin mövqeyini təqdim edən şəxsdən gedir. Dost ölkənin prezidentinin bu halda səfir A.Mişenkonun sözlərini dəstəklədiyinə inanaqmı? Əlbəttə, xeyr. Pyotr Poroşenko gözəl başa düşür ki, bu səviyyədən olan diplomatlar, yaranmış vəziyyətdən asılı olmayaraq emosiyalara uymamalıdırlar. Məhz bu cəhətlə də onlar sıravi insanlardan seçilirlər. Səbir və vəziyyətə proqnoz vermək əsl diplomatlara xas olan keyfiyyətlərdir, Pyotr Poroşenko məhz bura aiddir.
“İndi mən Kiyevi buna səbəb olduğuna inandırmalıyam? Bakıda mənə deyilən hər şeyi danışmalıyam?” – suallarını A.Mişenko özünə verir. Bəli, hörmətli səfir, əgər lazım gələrsə, siz prezidentinizi və öz xalqınızı Azərbaycanın hər zaman qardaş Ukrayna xalqını dəstəklədiyinə və dəstəkləməyə də davam edəcəyinə inandırmalısınız. Amma Azərbaycan oğullarını bu müharibədə itirən rusiyalı anaların dərdindən kənar qala bilməz. Mənim dövlətim bu qardaş qırğının qarşısını almaq üçün nə edə bilər və nə edəcək? Pul və silahla dəstəkləməlidir? Azərbaycan zəngin deyil və erməni separatizminə qarşı dayanmaq üçün özü silah alır. Və biz artıq Ukraynaya AŞPA-da onun ərazi bütövlüyünə səs verməklə yardım etdik. Bu yardımın mahiyyəti bir və ya bir neçə çadır kimi dəyərləndirilmir.
Sonda isə xatırlatmaq istərdim ki, Azərbaycan diplomatiyası Ermənistana və onu bütün beynəlxalq qurumlarda dəstəkləyən ölkələrə qarşı duraraq çətin yol keçib. Bizim diplomatiya ölkəmizin 20%-dən çox ərazisi düşmən tapdağı altında olarkən yetişib. Bunun necə çətin olduğunu təsəvvür etmək olar. Və səviyyəli diplomat onun ölkəsinə olan konkret maliyyə dəstəyinə, silah və çadır yardımı ilə ölçülmür. Bilirsiz, Azərbaycanın bu ölkənin bölünməsinə qarşı çıxması ilə Ukraynaya nə dərəcədə mühüm yardım göstərməsi nə zaman aşkar olacaq? Bu, hal-hazırda ərazisində müharibə gedən və özünü respublika elan edən, həmin hissələri gələcəkdə dünya dövlətlərinin hər hansı biri tərəfindən müstəqil bir dövlət kimi tanıması zamanı aydın olacaq...
Dünyamalı Nurşərəf
www.oxu.az