Bu gün Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib.
Oxu.Az-ın məlumatına görə, iclasda Naxçıvanın baş naziri Cabbar Musayev Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edib.
Ali Məclisin komitə sədrləri təmsil etdikləri komitələrin rəylərini diqqətə çatdırıblar, hesabat məruzəsi ətrafında müzakirələr aparılıb.
Müzakirələr zamanı Ali Məclisin deputatları 2025-ci ildə hökumətin gördüyü işlər barədə hesabatın əhatəli hazırlandığını bildirib, sual, təklif və qeydlərini səsləndiriblər.
Çıxışlarda ölkə başçısının həyata keçirdiyi siyasətə uyğun olaraq Naxçıvan Nazirlər Kabinetinin səmərəli fəaliyyətinin muxtar respublikanın sosial-iqtisadi inkişafını daha da sürətləndirdiyi, əldə olunan nəticələrin davamlılığını və qarşıdakı dövr üçün müəyyən edilmiş hədəflərə çatmaq imkanlarını gücləndirdiyi qeyd edilib.
İclasda baş nazir deputatların səsləndirdiyi sual və təkliflərə münasibət bildirib, qaldırılan məsələlərə aydınlıq gətirdikdən sonra müzakirə olunan məsələ ilə əlaqədar Ali Məclisin qərarı səsə qoyularaq qəbul edilib.