Naxçıvan Konstitusiyasına dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunub.
Oxu.Az xəbər verir ki, komitə sədri Əli Hüseynli "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" dəyişiklik layihəsi haqqında məlumat verib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına iki yeni maddənin (maddə 3-1 və maddə 28-1) əlavə edilməsi, bir maddənin (maddə 5) çıxarılması, bir sıra maddələrdə və Preambula hissədə isə dəyişikliklər edilməsi nəzərdə tutulur.
Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Preambulasında da öz əksini tapacaq.
Konstitusiyaya əlavə edilməsi nəzərdə tutulan "Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi" adlı 3-1-ci maddəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır və ona rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi həyata keçirir.
Xatırladaq ki, "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" qanun layihəsi bu il fevralın 20-də Ali Məclisin iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb və qəbul olunub.
Ali Məclisin mayın 21-dəki toplantısında isə layihə ikinci oxunuşda səsvermədən keçib.
Qeyd edək ki, Naxçıvan Konstitusiyasının 5-ci maddəsinə əsasən, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkiləri təyin edir. Həmin maddənin çıxarılması və yeni maddələrin əlavə edilməsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkiləri artıq Ali Məclisin sədri deyil, Azərbaycan Respublikasının Prezidenti təyin edəcək.
Aqil Vəlili